RU

Paşinyan ciddi sınaq qarşısında

Gümrüdə praymeriz keçirmək istəyən Nikol növbəti parlament seçkilərində məğlubiyyətdən yayınmağa çalışır

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin ikinci böyük şəhəri olan Gümrüdə mer səlahiyyətlərini icra edəcək şəxsin seçilməsi üçün partiyadaxili səsvermə (praymeriz) keçirmək niyyətində olduğunu açıqlayıb. Bu, ölkə tarixində ilk belə prosesdir.

N.Paşinyanın sözlərinə görə, səsvermə hakim “Mülki müqavilə” partiyasının üzvləri və ya tərəfdaşları arasında keçiriləcək. Praymeriz dekabrın 8, 9 və 10-da Gümrüdə baş tutacaq.

Güman etmək olar ki, N.Paşinyanın praymeriz keçirmək ideyası onun qarşıdan gələn parlament seçkiləri ilə bağlı narahatlığından irəli gəlir. Məsələ ondadır ki, 2026-cı ildə Ermənistanda qanunverici orqana növbəti seçkilər keçiriləcək. Paşinyanın praymeriz ideyası ilə yanaşı son vaxtlar atdığı bir sıra digər addımlar da onun bütün gücünü səfərbər edərək seçkilərdə qalib gəlməyə çalışdığını göstərir. Nikol başa düşür ki, indi nə “narıncı inqilab”ın baş verdiyi 2018-ci ilin mayı, nə də növbədənkənar seçkilərin keçirildiyi 2021-ci ilin iyunudur. 2018-ci ildə Ermənistan əhalisi ölkəni 20 il ərzində çapıb-talamış Qarabağ klanının hakimiyyətindən təngə gəlmişdi. Həmin il klanın nümayəndəsi Serj Sarkisyanın ikinci prezidentlik müddəti başa çatmışdı və o, konstitusiyaya dəyişiklik edərək baş nazir kimi ölkəyə rəhbərlik etməyə hazırlaşırdı. Ermənistan əhalisi isə qətiyyətlə buna qarşı çıxırdı. Onlar kimə olsa, səs verməyə hazır idilər. İstəkləri sadəcə, Koçaryan–Sarkisyan rejiminə son qoyulması idi. Belə bir ərəfədə N.Paşinyan meydana çıxdı. Paşinyan indi praymeriz keçirməyə hazırlaşdığı Gümrü şəhərindən 2018-ci ilin martın 31-də İrəvana doğru iki həftəlik yürüşə başladı. Məlumdur ki, onun sıraları getdikcə genişləndi və aprelin 23-də S.Sarkisyan istefa verməyə məcbur oldu.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onun ciddi sınaq qarşısında qoydu. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalandığı gecədən etibarən İrəvanda və ölkənin digər şəhər və rayonlarında ciddi iğtişaşlar və kütləvi etirazlar başladı. Bütün payız-qış ayları boyunca davam edən etiraz dalğası sonda Paşinyanın növbədənkənar seçkilər təyin etməsinə gətirib çıxardı. 2021-ci il iyunun 21-də baş tutan seçkilərdə Paşinyan gözlənilmədən qələbə qazandı. Paşinyanın rəhbərlik etdiyi fraksiya 53,92 faiz səs topladı. Yeri gəlmişkən, qeyd edək ki, ikinci yeri Qarabağ klanının “xaç atası” Robert Koçaryanın bloku tutdu – 21,04 faiz. Müxalifət ciddi qanun pozuntularına yol verildiyini bildirdi və nəticələrlə bağlı konstitusiya məhkəməsinə şikayət etdi. Lakin “BBC” rus xidmətinin də qeyd etdiyi kimi, Paşinyana səs verənlərin çoxu öz səslərini daha çox 20 il hakimiyyətdə olmuş və “məxməri inqilab” zamanı devrilmiş iki prezidentin koalisiyasına, necə deyərlər, etiraz səsi hesab ediblər. Eyni zamanda, Rusiya, MDB və KTMT də daxil olmaqla, müşahidə missiyaları ciddi pozuntuların olmadığını bəyan etmiş və seçkiləri yüksək qiymətləndirmişlər. Buna görə də nəticələri mübahisələndirmək asan olmadı. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç – Buriç isə Paşinyanı qələbə münasibətilə təbrik edərək seçkilərin yaxşı təşkilatçılıq və inkişaf etmiş rəqabət şəraitində keçirildiyini bildirdi.

Bundan əlavə, Ermənistan əhalisi başa düşürdü ki, Qarabağ klanının qayıdışı Azərbaycanla yenidən müharibənin başlanması demək olacaq. Yeni müharibə isə Ermənistanın daha ciddi insan itkisi ilə üzləşməsi, ölkənin maddi cəhətdən daha böyük ziyana məruz qalması idi. Bu səbəbdən haylar, Paşinyana yenidən etimad göstərməklə, əslində, yeni müharibəyə “yox!” dedilər.

İndi isə durum bir qədər fərqlidir. Paşinyanın rəhbərlik etdiyi komanda ötən müddət ərzində verdiyi vədlərin əksəriyyətini yerinə yetirə bilməyib. Bu müddətdə vətəndaşların rifah halının yaxşılaşması istiqamətində ciddi nailiyyətlər əldə olunmayıb. Nə daxili, nə də xarici siyasətdə nəzərəçarpacaq uğurlara imza atılıb.

2021-ci ildən sonra baş verən bir sıra hadisələr, o cümlədən 2023-cü ilin sentyabrında lokal xaraketli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi, bu ilin aprelində Qazax rayonunun işğal altındakı 4 kəndinin bir güllə atılmadan qaytarılması Ermənistanda Paşinyana qarşı çıxanların sayının artmasına səbəb olub.

Qazax rayonunun kəndlərinin qaytarılmasından sonra erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın başçılığı ilə müxalifət etiraz hərəkatına başladı. Qalstanyan elə Paşinyanın istifadə etdiyi metoddan yararlanaraq, piyada İcevandan İrəvana doğru yürüşə başladı. Etirazçılar mayın 9-da paytaxta çatdı. Həmin gün Paşinyan iqtidarına qarşı son illərin ən böyük mitinqi keçirildi. Təxminən 35 min nəfər N.Paşinyanın istefası tələbi ilə küçələrə çıxdı. Etirazları həm rusiyayönlü, həm də qərbyönlü müxalifət partiyaları və ittifaqları –

“Ermənistan alyansı”, “Daşnaksütyun”, Milli–demokratik qütb və digərləri, eləcə də S.Sarkisyan və R.Koçaryan dəstəklədi. Mayın 26-da erməni müxalifəti arxiyepiskopu baş nazir vəzifəsinə irəli sürdü. Siyasi partiyaların, dövlət qurumlarının, elm və mədəniyyət dairələrinin nümayəndələri, habelə iş adamları və hüquqşünaslarla məsləhətləşmələrdən sonra onun namizədliyi təsdiq edildi.

İyunun 12-də isə İrəvanın Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində polislə nümayişçilər arasında toqquşma baş verdi. Etirazçılar polisə şüşə və daş atdılar. Öz növbəsində polis heç bir xəbərdarlıq etmədən səs-küy qumbaralarından istifadə etməyə və insanları zorla dağıtmağa başladı. Nəticədə yüzə yaxın adam yaralandı, polislər arasında da yaralılar oldu. Etirazlarda iştirak edən 12 nəfərə qarşı kütləvi iğtişaşlarda iştiraka görə cinayət işi başlandı. Bu ilin sentyabrından B.Qalstanyan etiraz aksiyalarına yenidən başladıqlarını açıqladı.

Paşinyan ötən dövr ərzində daha bir ciddi sınaqla da üzləşib. Onun yaxın silahdaşı, “Mülki müqavilə” partiyasının qurucularından olan Tiqran Avinyan 2013-cü il sentyabrın 17-də keçirilən İrəvan meri seçkilərində çox çətinliklə qalib gələ bildi. Təsadüfi deyil ki, N.Paşinyanın ölkə üzrə reytinqi hazırda ən aşağı həddədir. Onun 2026-cı ilin parlament seçkilərində qalib gəlmək şansları aşağı qiymətləndirilir.

Təsadüfi deyil ki, Paşinyan son vaxtlar “Mülki müqavilə” partiyasının qərargahına çox tez-tez gedir. Nikol baş nazir aparatında iş vaxtı başa çatdıqdan sonra qərargaha gedir, bəzən gecədən keçənədək partiyadaşları ilə gələcək planları, fəaliyyət istiqamətlərini müzakirə edir. Güman etmək olar ki, onun Gümrüdə praymeriz keçirmək ideyası da yaxınlaşan seçkilərlə bağlı duyduğu narahatlıqdan irəli gəlir. Paşinyan ABŞ-də siyasi partiyalar daxilində mövcud olan bu qaydanı sınaqdan keçirməklə onun Ermənistan mühitində nə qədər effektiv olub-olmadığını yoxlamaq istəyir. Bir sözlə, bütün mümkün siyasi texnologiyalardan istifadə etməyə çalışır ki, növbəti seçkilərdə məğlub olmasın. Bir neçə gün öncə hüquq-mühafizə sistemində yüksək vəzifələr tutan bir sıra şəxslərin – daxili işlər naziri Vahe Qazaryanın, istintaq komitəsinin sədri Argişti Karamyanın, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Sasun Xaçatryanın, ali məhkəmə şurasının sədri Karen Andreasyanın, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın və dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyanın işdən çıxarılmaları da seçkiyə hazırlığın əlamətləri kimi qiymətləndirilə bilər.

Bu istiqamətdə fikirlərini bizimlə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, Ermənistanda bütün proseslər Qərblə yaxınlaşmaq siyasi kursuna, eləcə də Rusiyanın geosiyasi oxundan ayrılmağa yönəlib. Ermənistanın Qərbdəki kuratorları tamamilə yeni yanaşmalar tələb edirlər, digər tərəfdən İrəvan da özünü daha demokratik, daha azad ölkə kimi təqdim etmək istəyir: “Gümrü şəhərində mer seçkiləri ilə bağlı praymerizin keçirilməsinin altında gizlənən səbəblər də Qərbə yaxınlaşmaq motivləridir”.

Politoloq Gümrü şəhərinin kifayət qədər strateji bir yer olduğunu vurğuladı. Qeyd etdi ki, burada Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102 saylı bazası yerləşir. Sovet dövründə Leninakan adlanan Gümrü “soyuq müharibə” dövründə də mühüm əhəmiyyətə malik bölgə hesab olunurdu. SSRİ–NATO sərhədi bu şəhərin, demək olar ki, yaxınlığından keçirdi: “İndi isə Rusiya öz geopolitik maraqlarını təmin etmək və bölgə üzərində dominantlığı formalaşdırmaq üçün Gümrüdəki bazanı özü üçün dayaq nöqtəsi hesab edir. Ermənistan isə “burada və indi” siyasətini tətbiq etməkdə maraqlıdır. Rusiya–Ukrayna müharibəsinin gedişindən maksimum iqtisadi fayda götürərək geopolitik məzmunda müəyyən gedişlər edir. Ermənistan–İran sərhədindən və İrəvandakı “Zvartnots” hava limanından rusiyalı hərbçilərin çıxarılması da bunun göstəricisidir”.

İ.Hüseynovun sözlərinə görə, kifayət qədər mürəkkəb siyasi gedişlər fonunda biz görürük ki, Paşinyan iqtidarı, necə deyərlər, Qərb standartarına uyğun şəkildə Gümrüdə şəhər meri seçkilərinə gedir. Bunun arxasında həm də Paşinyanın özünün şəxsi maraqları dayanır.

Səxavət HƏMİD
XQ

Избранный
10
xalqqazeti.az

1Источники