RU

“Otokar” şirkəti Rumıniya Ordusuna 1 milyard dollarlıq zirehli maşın tədarük edəcək

Türkiyənin “Otokar” şirkəti ilə Rumıniyanın Milli Müdafiə Nazirliyini təmsil edən olan “C.N. Romtehnica S.A.” şirkəti arasında 4×4 təkər formullu yüngül zirehli maşınların tədarükü üçün müqavilə imzalanıb.

“Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri 4.2 milyard RON (təxminən 31 milyard TL / 903 milyon ABŞ dolları) təşkil edir.

Müqaviləyə əsasən, Rumıniya Ordusuna ümumilikdə 1059 ədəd 4×4 təkər formullu yüngül zirehli maşın tədarük ediləcək ki, bunların da ilk 278 ədədi “Otokar” müəssisələrində, qalan hissəsi isə (781 ədəd) Rumıniyada istehsal olunacaq.

Zirehli maşınlarla bağlı tədarüklərin 2025-ci ilin son rübündən başlayaraq 5 il ərzində partiyalar şəklində tamamlanması planlaşdırılır. Həmçinin müqaviləyə bəzi inteqrasiya olunmuş logistik dəstək xidmətləri də daxildir.

Layihə çərçivəsində “Otokar”ın yalnız zirehli maşın ixracı ilə deyil, gələcəkdə hissələrin satışı və bəzi inteqrasiya olunmuş logistik dəstək xidmətləri ilə də gəlir əldə etməsi gözlənilir.

Xatırladaq ki, “Otokar” bu ilin mart ayında “C.N. Romtehnica S.A.”nın Rumıniya Ordusu üçün açdığı 4×4 təkər formullu zirehli maşınların alınması ilə bağlı tenderə təklif verib.

Həmin vaxt sözügedən tenderdə “Otokar”dan başqa, ABŞ-ın “Oshkosh Defense” və Fransanın “Arquus” şirkətləri də iştirak edirdi. Ancaq maliyyə, aşağı qiymət marjası və müqavilənin sərt şərtləri digər şirkətlərin tenderdə iştirak etməmələrinə səbəb olmuşdu. Beləliklə, Rumıniya Ordusuna 4×4 təkər formullu zirehli maşınların tədarük edilməsi üçün elan olunan tenderdə yalnız Türkiyənin “Otokar” şirkəti qalmışdı.

Tenderin şərtlərinə əsasən, Rumıniya Ordusu üçün təxminən 1 milyard avro dəyərində 9 konfiqurasiyada 1059 ədəd zirehli maşının alınması planlaşdırılıb.

Qeyd edək ki, “Otokar” şirkətinin tenderdə 4×4 təkər formullu hansı zirehli maşını təklif etdiyi dəqiq bilinmir. Ancaq hərbi ekspertlərin fikrincə, “Otokar” Rumıniya Ordusu üçün “Cobra II” zirehli maşınlarını təklif edib. Cari ilin may ayında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən BSDA-2024 sərgisində “Otokar” şirkətinin “Cobra II” zirehli nəqliyyat vasitəsini nümayiş etdirməsi də bu iddiaları gücləndirib.

Hazırda şirkət 4×4 zirehli nəqliyyat vasitəsi seqmentində “Cobra” ailəsini, “Kaya”, “Ural” və “Akrep II” maşınlarını istehsal edir.

Избранный
15
poliqon.az

1Источники