RU

Nobel mükafatı lureatı, iqlimşünas alim: COP29 siyasi yox, ekoloji platformadır - MÜSAHİBƏ

Rusiyalı iqlimşünas alim, Nobel Sülh Mükafatı laureatı, Ümumdünya Vəhşi Təbiət Fondunun İqlim və Enerji proqramının rəhbəri Aleksey Kokorin Caliber.Az-a müsahibəsində Bakıda keçirilən COP-29 konfransı və qlobal ekoloji problemlər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

— Bildiyiniz kimi, müəyyən qüvvələr COP 29-u siyasiləşdirməyə çalışdılar- bəzi dövlətlərin yüksək vəzifəli şəxsləri müxtəlif bəhanələrlə Bakıya gəlmədilər, bəzi amerikalı konqresmenlər burada təxribatlar törətmək məqsədi ilə Azərbaycana səfər etdilər. Lakin COP29-un siyasətlə heç bir əlaqəsi yoxdur. Siz necə düşünürsünüz?

- COP siyasətlə deyil, daha çox pulla bağlıdır. Deməli, sammitin siyasiləşdirilməsi belə təşəbbüskarlara çətin ki, uğur gətirsin. Paris Sazişinin bağlanmasından sonra bütün son COP konrfransları üç səviyyəli genişmiqyaslı maliyyə və təşkilati görüşlərdir. Onun birinci və ən çox media hissəsi ölkə liderlərinin bəyanatları və danışıqları, BMT qərarlarının müzakirəsi; ikincisi, nazirlərin çıxışları, konkret rəqəmlərlə ifadə olunan qərarların qəbulu; üçüncü hissə isə ekoloji festivalın özüdür, burada çoxlu turist var, tərəfdaşlar axtarmağa gələn, ekologiya sahəsində müxtəlif memorandumlar və müqavilələr bağlayan daha çox insan və təşkilat var.

Bəzi tənqidçilər tez-tez sual verirlər: bunun üçün COP nəyə lazımdır? Amma təcrübə göstərir ki, bütün ekoloqların, ictimai fəalların və siyasətçilərin hardasa bir yerə toplaşması və nəhayət, uzun müddətdir müzakirə olunan müqavilələri kağız üzərində imzalaması çox zəruridir.

— COP29, xüsusilə fondların subsidiyalaşdırılması baxımından xüsusi sammit adlanır. Bu vəzifələri deşifrə edə bilərsinizmi, onların həlli necə gedir?

— COP29, şübhəsiz ki, öz formatına malikdir. İlk növbədə ona görə ki, onun Paris iqlim sazişinin maliyyə hissəsini qəbul edib rəsmiləşdirmək şansı var idi. Hansı ki, sammitə ev sahibliyi edən ölkə üçün çox çətin bir işdir. Çünki söhbət inkişaf etməkdə olan ölkələrə iqlim layihələri üçün ayrılacaq böyük pul axınından gedir. İlk növbədə Afrika ölkələri olmaqla inkişaf etməkdə olan ölkələr ən azı 1 trilyon dollar istəyir.

Bəli, ilk baxışdan konsensus var- bütün inkişaf etmiş ölkələr maliyyələşdirmənin 1 trilyon dollara qədər artırılması tələblərinin ədalətli olduğunu qəbul edirlər. Xüsusilə, Çin, Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrə də maliyyə təmin edən ən böyük inkişaf etməkdə olan donorlar ayırmaları artırmaq strategiyasını dəstəkləyən vahid mövqe ilə çıxış ediblər, lakin dəqiq rəqəmlər və vaxt çərçivələrini açıqlamayıblar. Ona görə də razılığa gəlmək çox çətindir, proses uzanıb və məncə, yalnız dünya liderlərinin səyləri hansısa formada vəziyyətə təsir göstərə bilər və onları bu sahədə ən azı hansısa bir sənədi mətnli ifadələrlə imzalamağa məcbur edə bilərdi. Tərəflərin öhdəliklərinə əməl edəcəyinə ümid etmək istərdim.

— Siz qeyd etdiniz ki, COP29 unikal görüş yeridir. Bu barədə bizə ətraflı məlumat verə bilərsinizmi?

— Bu, çox maraqlı mövzudur, çünki COP29-da çoxlu oxşar nümunələr var. Axı yəqin ki, yalnız COP sammitlərində sadə ekoloq hansısa iri məmura, özünün və ya başqa ölkənin nazirinə yaxınlaşıb layihəni müzakirə edib, onun həyata keçirilməsi ilə bağlı razılığa gələ bilər. Yeri gəlmişkən, bir çox insan COP29-a məhz belə imkanlara görə gəlir. Daha konkret faktlar var: məsələn, COP29-da Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizində ekoloji əməkdaşlığa dair mühüm saziş imzalanıb. Saziş Xəzər dənizinin monitorinqini və elmi-praktiki fəaliyyətləri nəzərdə tutur. Ancaq COP29 olmasaydı bu imzalanma da olmazdı- amma burada maraqlı tərəflər bir araya gəldilər və çox vacib şeyləri tez bir zamanda razılaşdırdılar, necə deyərlər, müqavilənin mətnini tamamladılar, bütün detalları qeyd etdilər. Əks halda, bu məsələ növbəti COP-a və ya daha da uzağa gedəcəkdi. Və belə şeylər sammitdə asanlıqla həyata keçirilir.

Qazaxların daha təsirli presedenti var- COP29 sayəsində Balxaş gölünün xilası məsələsi müsbət həll olundu. Orada vəziyyət o yerə çatdı ki, Qazaxıstan hökuməti böyük qazax mədən şirkətinə gölü xilas etmək üçün işlərə vəsait ayırmalı oldu. Və belə görünürdü ki, tərəflər əvvəllər hər şeyi razılaşdırıblar, lakin məsələnin yekun həlli yubanıb. Və sonra COP29 başladı və tərəflər qərar verdilər: gəlin Bakıdakı sammitə gedək və nəhayət, orada hər şeyi imzalayaq. Və bunu Qazaxıstan pavilyonunda imzaladılar. Beləliklə, bu, sammitin təkcə beynəlxalq xarakterli ekoloji problemləri deyil, həm də təbii obyektlərin qorunmasında konkret ölkənin problemlərini həll edə biləcəyinin parlaq nümunəsidir. Mən hətta yeni əlaqələr qurmaq imkanlarından danışmıram.

COP29 daimi dinamikadır və məsələlərin müzakirəsidir, ona görə də hə an vacib bir şey razılaşdırıla bilər.

Tərcümə - Elçin Bayramlı

Избранный
21
sesqazeti.az

1Источники