RU

AZPROMO Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır

Gələn il İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır.

Bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü"ndə bildirib.

"Biz sentyabrda "Riga Food” beynəlxalq qida sərgisində iştirak etmişik, şirkətlərimizə dəstək məqsədilə ixrac missiyası təşkil etmişik. Gələn il də bu sərgidə iştirak etməyi və daha bir missiya təşkil etməyi planlaşdırırıq. Əminəm ki, şirkətlərimiz bundan məmnun olacaqlar”, - deyə o qeyd edib.

Bundan başqa, AZPROMO rəhbərinin sözlərinə görə, gələn il Riqada Azərbaycan-Latviya biznes forumunun keçirilməsi gözlənilir.

"İki ölkə arasında biznes əlaqələri inkişaf edir. Təəssüf ki, Azərbaycanla Latviya arasında ticarət dövriyyəsi çox deyil. Bu kimi tədbirlər əməkdaşlığı inkişaf etdirəcək və ticarət dövriyyəsini artıracaq. İxrac missiyasının və biznes forumun təşkili üçün müəyyən alətləri nəzərdən keçirməliyik", - deyə Y.Abdullayev qeyd edib.

O, həmçinin Azərbaycan-Latviya iqtisadi əlaqələri və ölkələr arasında tərəfdaşlığın intensivləşdirilməsi perspektivlərindən danışıb, Azərbaycanın biznes-investisiya potensialı və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

Görüşdə iştirak edən Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri üzrə departament direktoru Liqa Siçeva isə bildirib ki, ölkəsinin şirkətlərinin Azərbaycana marağı xeyli artıb: "Bu, həm hazırda Azərbaycanda iş görən, həm də iş görmək istəyən şirkətlərə aiddir".

Избранный
10
1
sam.az

2Источники