RU

"Mərc oyunu mərkəzləri universitetlərdən uzaqlaşdırılsın, əks təqdirdə... " - SOS ÇAĞIRIŞ

Son vaxtlar xüsusilə gənclər, tələbələr arasında mərc oyunlarının geniş yayıldığı müşahidə olunur. Ekspertlər qeyd edir ki, mərc oyunlarının zərərləri həm fərdi, həm də cəmiyyət səviyyəsində özünü göstərir. Onların təsirləri maliyyə problemlərindən tutmuş psixoloji və sosial zərbələrə qədər geniş miqyas alır. Əsas zərərləri isə aşağıdakılardır:

1. Maliyyə zərərləri: Mərc oyunlarına aludə olanlar tez-tez böyük borclara düşürlər. Bu, xüsusilə tələbələr üçün ağır yükdür, çünki onların gəlir mənbələri məhduddur.
İnsanlar tez və asan qazanc əldə edəcəyinə inanırlar, lakin nəticədə daha çox pul itirirlər.

2. Psixoloji zərərlər: Mərc oyunları güclü asılılıq yaradır, bu da insanın həyat keyfiyyətini aşağı salır. Məğlubiyyətlər və maddi itkilər insanlarda emosional və psixoloji sarsıntılar yaradır. Bundan başqa, maliyyə itkiləri və stress ağır hallarda intihar düşüncələrinə və ya hərəkətlərinə gətirib çıxara bilər.

"Tələbələr arasında mərc oyunlarının geniş yayılması artıq ciddi sosial və psixoloji problemə çevrilib. Universitetlərin yaxınlığında yerləşən mərc oyunu mərkəzləri bu problemi daha da dərinləşdirir".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün "facebook" səhifəsində bildirib.

Ekspert qeyd edib ki, hər gün borc içində batan, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artır:

"Asan qazanc illüziyası gənclərin təhsilinə, psixoloji sağlamlığına və ailə münasibətlərinə böyük zərbə vurur.

Mərc oyunları yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu vərdiş tələbələrin diqqətini dərslərdən yayındırır, onları psixoloji və emosional stresə salır, hətta bəzən cinayətə və ya intihara aparan yolları açır. Bu mərkəzlərin universitetlərin yaxınlığında yerləşməsi isə tələbələri bu təhlükəyə daha asan hədəf edir.

Universitetlər və dövlət orqanları bu problemin həlli üçün dərhal tədbirlər görməlidir. Mərc oyunu mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının keçirilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir. Valideynlər və müəllimlər də bu məsələdə şagirdləri maarifləndirməli və diqqətli olmalıdır.

Unutmayaq, tələbələrin həyatını mərc oyunlarının tələsindən xilas etmək yalnız fərdi məsələ deyil, cəmiyyətin inkişafı üçün zəruri bir addımdır".

Избранный
1
1
paytaxt.org

2Источники