Biləsuvarda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Sabah.az-ın məlumatına görə, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib.
Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.