RU

Rusiya “3+3” formatının “uğur perspektivinə” hələ də inanır...

Image

Azər Həsrət: “Ermənistanın bu formatda iştirakı formal xarakterlidir”

Rusiya Cənubi Qafqaz üzrə “3+3” platformasının tamtərkibli təşkilata çevrilməsi istiqamətində iş aparır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikinci “Rusiya-Ermənistan” ictimai forumunda bildirib. 

O, sözügedən məsələ ilə bağlı daha sonra bunları qeyd edib: “Regionun bütün ölkələrinin maraqlarının harmonizasiyasında “3+3” regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamtərkibli təşkilata çevrilməsi üzərində işləyirik”.

Gürcüstan indiyə qədər bir dəfə olsun “3+3” formatı çərçivəsində görüşlərə qatılmayıb. Ermənistan qatılsa da Paşinyan hakimiyyəti Qərbə boylanır. Belə olan halda “3+3” platformasının təşkilata çevrilməsi nə dərəcədə realdır? Qaluzində bu əminlik hardandır?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, “3+3” formatının Azərbaycan üçün heç bir problemi yoxdur: “Çünki Azərbaycan regionda böyük dövlətlərlə münasibətdə birmənalı mövqeyə sahibdir. Yəni biz istər qardaş Türkiyə, istərsə də Rusiya və İranla münasibətlərə önəm veririk. Onlarla alıb verə bilmədiyimiz heç bir şey yoxdur. Yəni Azərbaycan bu dövlətlərin hər üçü ilə masa arxasında rahat bir şəkildə əyləşə, müzakirə apara bilir. Ermənistan və Gürcüstanla bağlı isə, bir qədər problem var. Ermənistanın bu formatda iştirakı formal xarakterlidir. O üzdən, onların iştirakı səmimi deyil. Çünki Ermənistan ümumiyyətlə, üzünü Qərbə tutub. Xüsusən də Rusiyaya arxa çevirir, Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsini, gələcəkdə ora inteqrasiyanı nəzərdən keçirir. Bütün bunları Rusiya da bilməmiş deyil. Gürcüstan isə bəlli səbəblərdən Rusiya ilə eyni masa arxasında oturmur. Üstəlik, bu gedişlə “3+3” formatına qoşulacağı da real görünmür. O baxımdan “3+3” formatının indiki şəraitdə keçərli olduğunu deyə bilmərik. Kifayət qədər fərqli yanaşmaların olduğu bir şəraitdə “3+3” formatının təşkilata çevrilməsi real deyil. Biz bunun alternativi olaraq başqa bir formatın üzərində durulmasını dəfələrlə dilə gətirmişik. Bu da “3+1” formatıdır. Yəni qardaş Türkiyə və 3 Cənubi Qafqaz dövləti. Sözügedən ölkələrin faktiki olaraq heç birinin Türkiyə ilə masa arxasında oturmaq problemi yoxdur. Azərbaycan bəlli olduğu kimi, qardaş dövlətdir. Gürcüstanla Türkiyə arasında çox geniş ticarət əlaqələri mövcuddur. İki ölkə arasında çox yaxşı münasibətlər var. Ermənistan da hər vəclə Türkiyə ilə yaxın olmağa can atır. Yəni Türkiyə gəl desə, Ermənistan həvəslə gəlir. Ona görə də daha effektli və işlək “3+1” formatı olardı”.

Vidadi ORDAHALLI





Избранный
15
baki-xeber.com

1Источники