RU

Gürcüstandakı aksiyalarda qaldırılan Aİ bayraqları prosesin iç üzünü açıb göstərir - TƏHLİL

Gürcüstanda gərginlik get-gedə artır. 29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bu barədə məlumat yayıb.
Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar. Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb. Yayılan qeyri-rəsmi xəbərlərdə deyilir ki, Gürcüstan Müdafiə Nazirliyi də etirazçılara qoşulub.

Əslində qonşu ölkədə baş verənləri "məlumun elanı" da adlandırmaq olar. Hələ parlament seçkilərindən əvvəl Gürcüstanda vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılırdı və belə də oldu. Ermənistanı böyük ölçüdə ram etməyi bacaran Qərb Azərbaycana təzyiqlərin fayda vermədiyini gördükdən sonra bütün diqqəti Gürcüstan üzərinə cəmləyib. 
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verməsi Qərbin planlarını alt-üst etdi. Artıq o vaxtdan ölkədə vəziyyət daha da gərginləşməyə başlayıb.
Qonşu ölkədə parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb bu Cənubi Qafqaz ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb və onu nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.
Hadisələr göstərir ki, Gürcüstanda QHT-çilərdən ibarət manqurt dəstələr, LGBT və ifrat liberal mövqe tutan sağ təmayüllü düşərgə formalaşdırılır. Onların irəli sürdüyü şüarlar da bunu təsdiqləyir.
Ölkədə süni şəkildə yaradılan dalğa səbəbindən bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu deyil.
Halbuki mövcud şəraitdə Gürcüstandakı siyasi qüvvələrin əsas diqqətlərini bu istiqamətə yönəltmələri daha məntiqli olar. Qərblə Rusiya arasında qarşıdurmada iştirak Gürcüstan cəmiyyətinin parçalanmasını daha da sürətləndirir, ərazi bütövlüyünün bərpasını isə ləngidir.
Əhali, ordu, hakimiyyətlə yanaşı, ərazi də ölkənin dörd əsas atributundan biridir. Dövlətin ərazisi bütövləşməsə, ölkədə bütün istiqamətlərdə natamamlıq olur. Bu, demokratiyanın inkişafına da təsirsiz ötüşmür.
Gürcüstanda qarşıdurmanın güclənməsi ölkəni idarəolunmaz və qanlı burulğana sala bilər. Regionda baş verən hadisələrə bu sayaq yanaşma, Cənubi Qafqaz ölkələrinin daxili işlərinə müdaxilə bölgənin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Bu baxımdan, regionda Qərbin ssenarisi üzrə yarana biləcək arzuedilməz şərait torpaqlarını işğaldan azad edərək müharibədən yeni çıxan Azərbaycan üçün də məqbul sayılmır. 


Politoloq Turan Rzayev  "Sherg.az"a açıqlamasında deyib ki, Qərbin Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmayacağı bəlli idi: "29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyaları da bunu sübut edir. Düzdür, aksiyaların səbəbi daha çox Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və qrantlardan imtina etməsi göstərilsə də proseslərin Qərbdən idarə edildiyi bəllidir.

Təəssüf ki, baş verən aksiyalar xalqın iradəsi kimi təqdim edilir. Etirazçıların əllərində tutduğu Aİ bayraqları prosesin iç üzünü açıb göstərir. Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edərək Tbilisidə müddətsiz etiraza çıxanların əksəriyyəti Qərbdən pul alaraq yaşamağı həyat tərzinə çevirmiş, tapşırıqları icra edən QHT, media nümayəndələridir.
Hazırda Gürcüstanda baş verən aksiyalar prinsip etibarilə 2004 və 2014-cü illərdə də Ukraynada baş verən olayları xatırladır. Hansı ki, həmin illərdə də Qərbdən təlimat alan qüvvələr ölkənin milli maraqlarını bir kənara qoyub hakimiyyət dəyişikliyinə nail oldular. Təbii ki, bunun fəsadları Ukrayna üçün çox ağır oldu".
Politoloqun sözlərinə görə, baş verən hadisələr əslində Gürcüstan hakimiyyətinin Qərblə arasında məsafə qoymasının doğru seçim olduğunu bir daha göstərir: "Prinsip etibarilə, Tbilisi 2008-ci ildən bəri Qərbdən istədiyini ala bilmir. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli və Gürcüstanın Aİ-yə üzvlüyündən gedir. Qərb bunun ikisini də edə bilmədi. Reallıq ondan ibarətdir ki, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll edilməməsi Aİ maraqlarına uyğun idi. Çünki bu münaqişələr qaldığı təqdirdə Tbilisinin Aİ-yə üzvlüyü mümkün deyil. Gürcüstan birmənalı Qərbdən üzünü çevirməyib. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırıb. Yəni proses 2028-ci ildən sonra yenidən başlaya bilər. Bu isə Qərbin tutumundan asılıdır.
Tbilisi yaxşı başa düşür ki, Rusiya ilə gərginlik, Qərb ilə radikal yaxınlaşma Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini mümkünsüz edir. Başqa cür desək, Gürcüstan Azərbaycanın “balans siyasəti” bənzəri bir siyasi xətt tutaraq münaqişələri həll etmək istəyir. Qərbə inteqrasiya gələcəkdə olsa belə Tbilisi bunun kiminsə patronajlığında deyil, öz azad iradəsi ilə etmək istəyir. Buna görə də qrantlardan imtina edir. Prinsip etibarilə Azərbaycan bunu 10 il öncə edib. Belə ki, rəsmi Bakı çox ağıllı siyasət yürüdərək Qərb QHT-lərinin əl-ayağını, onların qanunsuz maliyyə mənbələrini kəsdi. Əslində proses bu gün də davam edir. Feministlər, LGBT-çilər, novarçılar, Qərbdən maliyyələşən qeyri-legitim media və digər təsir qruplarının imkanları sıradan çıxarılır.
Cənubi Qafqazda dəyişməz bir qayda var. Müstəqil xarici siyasət yeritməyin tək yolu balans siyasətidir. Balans siyasətinin pozulması bir tərəfi qarşısına almaq deməkdir. Bunun fəsadları isə ağır ola bilər. Gürcüstan bu fəsadı 2008-ci il və sonrasında ağır şəkildə yaşadı. Buna görə bu gün eyni şeylərin baş verilməməsinə çalışılır".
Избранный
16
sherg.az

1Источники