Ronald prezident seçilərək Donalda vəzifə təklif etməliykən, əksinə oldu, Donald Tramp dövlət başçısı seçildi və Ronald DeSantisə müdafiə naziri - Pentaqonun şefi vəzifəsini təklif etdi.
Bu ilin əvvəlində isə ABŞ-də, eləcə də dünyada çoxları Florida ştatının qubernatoru DeSantisin ölkənin 47-ci prezidenti olacağını ehtimal edirdi.
Respublikaçı namizədlərin içində ən parlağı o idi. 46 yaşlı DeSantis partiyadaxili rəqiblərindən bir boy uca görünürdü və əgər partiyası onun namizədliyini irəli sürsəydi, o, Cozef Baydenin yanında sönük qalan vitse-prezident Kamala Harrisə daha asan qalib gələ bilərdi. Fəqət Tramp fenomeni ona önə çıxmaqda və Amerika xalqına düzgün seçim etməkdə mane oldu.
Amerikalılar prezidentlərin adını qısaldaraq tələffüz etməyi sevdiklərindən (Uilyama Bill, Ceymsə Cimmi, Cozefə Co deyirlər) adını qısaca Ron çağırdıqları Ronald DeSantis Florida ştatının Ceksonvill şəhərində italyan əsilli orta səviyyəli ailədə anadan olub. Yal universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı illərdə müxtəlif işlərdə çalışıb: elektrik köməkçisi, beysbol məşqçisi və s...
O, bir ara tarix müəllimi də işləyib, sonra Harvard universitetində hüquq təhsili alıb, 2005-ci ildə hüquq elmləri doktoru dərəcəsi əldə edib.
Soyadı tələffüzdə “desant” kəlməsini andıran DeSantis hərbi dəniz qüvvələrində qulluq edib, dəniz ədliyyə məktəbini də bitirib. 2005-ci ildə məhkəmə xidmətinin bir hissəsi olaraq Mayport (Florida) dəniz stansiyasına prokuror təyin edilib. 2006-cı ildə ona leytenant rütbəsi verilib. O, Quantanamo həbsxanasında məhbuslarla birbaşa işləyən birgə işçi qüvvənin komandiri olub.
Bu baxımdan DeSantis hərbi sahəyə yad biri deyil. O, ABŞ-nin İraqdakı hərbi kontingentinin komandirinin hüquqi məsləhətçisi olaraq bu ölkədə xidmət keçib. 2008-ci ilin aprelində vətənə qayıdıb, Florida ştatında prokurorun xüsusi köməkçisi vəzifəsinə təyin edilib.
2012-ci ildə Florida ştatının 6-cı dairəsindən 57,3% səslə ABŞ Nümayəndələr Palatasına namizəd olan və seçilən 34 yaşlı DeSantisin siyasi fəaliyyəti başlayıb. 2014-cü ildə (62,5% səs) və 2016-cı ildə (58,6%) o, yenidən konqresmen seçilib.
O, 2016-cı ildə ABŞ Senatına seçkilərdə iştirak edib, lakin senator Marko Rubionun yenidən seçilmək istədiyini öyrəndikdən sonra geri çəkilib.
2018-ci ilin yanvarında 40 yaşlı DeSantis səlahiyyət müddəti başa çatmaqda olan respublikaçı qubernator Rik Skottu əvəz etmək üçün Florida qubernatorluğuna namizədliyini elan edib.
Həmin seçkilərdə Ron DeSantis və demokrat namizəd Endryu Gillum başabaş mübarizə aparıblar. Onların arasında səs faizləri çox yaxın olduğundan səslərin yenidən sayılması vacib olub və seçki bülletenləri yenidən sayıldıqda DeSantisin 49,6 faiz səs aldığı, rəqibini 0,4 faizlə üstələdiyi məlum olub. 8 yanvar 2019-cu ildən o, Florida qubernatorudur.
DeSantis silahlara nəzarətin əleyhinədir və bildirir ki, silah məhdudiyyətləri çox nadir hallarda cinayətkarlara təsir edir.
2022-ci il mayın 9-da məktəblərin İosif Stalinin, Mao Tszedunun, Fidel Kastronun və digərlərinin rolu haqqında tədrisə 45 dəqiqə vaxt ayrılmasını, 7 noyabrın “Kommunizm qurbanları günü” kimi qeyd olunmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
Gənc qubernator cinsi orientasiyaya və ya gender kimliyinə əsaslanan işçi müdafiəsinə qarşı çıxır. 2021-ci ilin iyununda o, transgender qadınların Floridada orta məktəb, lisey və qadın kolleclərində fəaliyyətlərini qadağan edən qanunu imzalayıb. 2022-ci ilin mart ayında DeSantis üçüncü sinfə qədər uşaq bağçalarında cinsi orientasiya və ya gender kimliyinin tədrisini qadağan edən qanun layihəsinə imza atıb və bildirib ki, müəllimlərin və məktəb rəhbərlərinin şagirdlərlə cinsi kimlikləri haqqında danışması “tamamilə yersizdir”.
2021-ci ilin iyun ayında o, Florida universitetləri üçün Çin alimləri və universitetləri ilə əməkdaşlıqla bağlı məhdudiyyətlər və daha sərt tələblər tətbiq edən qanunlar imzalayıb və bunun Çinin iqtisadi casusluğuna son qoyacağını bildirib.
DeSantis ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasını pisləyib və bunun pis planlaşdırıldığını deyib. O, İranla nüvə sazişinin əleyhinə, bunun milli təhlükəsizliyi pisləşdirdiyinə inanır, qanunsuz miqrasiyanın əleyhinədir.
Qubernator ABŞ ilə Kuba arasında rəsmi olaraq diplomatik münasibətlərin bərpasına qarşı çıxıb.
DeSantis əvvəlcə Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzünü pisləyib və Ukrayna müqavimətini tərifləyib, prezident Baydenin Rusiyaya qarşı çox yumşaq olduğunu və Rusiyanın neft sənayesinə qarşı sanksiyaların lazım olduğunu söyləyib. Lakin 2023-cü ilin martında o, Ukraynanı dəstəkləməyin ABŞ-ın həyati milli maraqları arasında olmadığını bəyan edib və Rusiya ilə müharibəni ərazi mübahisəsi adlandırıb.
Lakin sonra o, yenidən Rusiyanı və onun Ukraynaya təcavüzünü pisləyib və Putini hərbi cinayətkar adlandırıb.
Ron Desantis 2010-cu ildə keçmiş televiziya aparıcısı Keysi Bleklə ailə qurub. Onların üç övladı var: qızları Medison, Meymi və oğlu Meyson.
Beləliklə, Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən, RF rəhbərliyini hərbi cani sayan şəxs Pentaqonun başına gətirilir. Bu, o deməkdir ki, Trampın prezident seçilməsindən sonra Ukrayna cəbhəsində dönüş olacağını, Kiyevin süqut edəcəyini düşünən Kremlin gözləntiləri puç ola bilər.
Ronald DeSantis Pentaqonun şefi postunda uğur qazana bilsə, ABŞ-nin növbəti prezidenti postunda oturan ikinci Ronald (R.Reyqan) olacaq.
Araz Altaylı, Musavat.com