“Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb”
Bu fikirləri 5 dekabr 2024-cü il tarixində Daşkənddə Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.
PA rəsmisi qeyd edib ki, bu il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi Türk dünyasının həyatında yeni mərhələdir. Bu, əsl, TürkTime-dır.
“İnanırıq ki, belə bir əlverişli mühitdə Azərbaycan və Özbəkistan QHT-ləri mənəvi öhdəliklərini dərindən dərk edərək, birgə fəaliyyəti gücləndirmək, daha da irəli aparmaq üçün bütün imkanları səfərbər edəcək, potensialı işə salacaqlar.
Fürsətdən istifadə edərək Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edirik. Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər.
Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır.
COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü.
Hesab edirik ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb. Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq. “