RU

İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən 17 minə yaxın lisenziya verilib

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 2024-cü ilin 11 ayı ərzində 1848 lisenziya, indiyədək isə ümumilikdə 16 min 936 lisenziya verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin 11 ayı ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1263 elektron lisenziya təqdim olunub. “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 01.03.2018-ci il tarixindən indiyədək portal vasitəsilə 5800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27 faizi (4561) əczaçılıq fəaliyyəti, 22 faizi (3787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13 faizi (2173) özəl tibb fəaliyyəti, 6 faizi (1081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6 faizi (959) rabitə xidmətləri (əsasən sürətli poçt) və 26 faizini isə (4375) digər fəaliyyət növləri təşkil edib.

Qeyd edək ki, lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evi və ya “lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər.

Lisenziya almaq üçün ərizə və bir sıra sənədlər tələb olunur. Sahibkar hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın surəti, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə olunur. Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir.

Избранный
18
11
xalqqazeti.az

10Источники