RU

GÜNDƏM:Prezident İlham Əliyev Könüllülər Forumuna müraciət etdi, rabitə işçilərini təltif etdi, Naxçıvan Sənaye Parkının yaradılmasını təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Fins.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm.

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olub.

Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkənin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.

İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram".

* * *

Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abbasov Emil İsmayıl oğlu

Ağamirova İradə Rahil qızı

Ağasiyeva Sevinc Əlibaba qızı

Bədirxanov Dunay Rasim oğlu

Əliyev Müşfiq Cabir oğlu

Hüseynov Pərviz Firuz oğlu

İsmayılov Pərviz Nazim oğlu

Kərimov Vüsal Rəvan oğlu

Mərdanov Nail Teyyub oğlu

Nağıyev İbrahim Abdulla oğlu

Vəliyeva Sevinc Misirxan qızı.

* * *

Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;

Parkın fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.

Parkın fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.

İqtisadiyyat Nazirliyi dövlət başçısının Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin və muxtar respublikanın Nazirlər Kabinetinin təkliflərini nəzərə alınmaqla, Parkda istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməli, kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Parkın ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Naxçıvanın Nazirlər Kabineti Parkın fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Избранный
45
50
fins.az

10Источники