"Hücumun ilk günlərində Suriya müxalifətinin hücumu xaotik görünsə də, sonradan məlum oldu ki, bu, yaxşı planlaşdırılmış və dəqiq təşkil olunmuş əməliyyatdır".
Bu barədə Musavat.com-a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
O əlavə edib ki, silahlı qruplaşmalar qısa müddətdə 4 il mövcud olan cəbhə xəttini yarıb, ardıcıl şəkildə şəhər və kəndləri, o cümlədən Hələbi bir neçə saat ərzində ələ keçirməyi bacardılar:" Hələb Suriyanın ikinci ən böyük şəhəridir. Bundan əlavə, hücumda güclü texniki dəstək var idi. Məsələn, müasir PUA-ların hücumda istifadəsi, Suriya ordusunun rabitə vasitələrinin gözlənilməz şəkildə sıradan çıxarılması və nəhayət, suriyalılar arasında koordinasiyanın pozulması hücum əməliyyatının texniki cəhətdən mükəmməl təşkil olunduğunu göstərir. Suriya Müdafiə Nazirliyi Hələbdə qüvvələr arasında koordinasiyanın itməsi səbəbindən geri çəkilməyə məcbur olduğunu bəyan etdi. Nəhayət, ölkə prezidenti Bəşər Əsədin Rusiyaya getməsindən sonra Dəməşqdəki hökumət qüvvələri arasında baş verən atışma xəbərləri "Hələb" əməliyyatının bir hissəsi oldu".
Politoloq qeyd edir ki, bazar günü müxalif qüvvələr Hələbin şimalında, Türkiyə sərhədinə yaxın yerləşən və kürdlərin nəzarətində olan yeganə şəhər olan Tel-Rifatı ələ keçirib, bununla belə, son hadisələr fonunda kürdlərlə Suriya hökumət qüvvələri arasında yaxınlaşma müşahidə edilir: "Kürdlər hazırkı şəraitdə Türkiyənin müxalif qüvvələri onlara qarşı yönəltməsindən narahat görünürlər və bu səbəbdən Əsədlə dil tapmağa çalışırlar. İdlib müxalifləri əvvəlki ərazilərini iki dəfə genişləndirə biliblər. Təxmin edilir ki, əgər hücum davam edərsə, müxaliflər Hamanı ələ keçirə bilər və bununla da Homs istiqamətindən İrandan Livana olan əlaqəni kəsə bilərlər. Lakin bu, Suriya hakimiyyətinin reaksiyasından asılı olacaq. Hələb istiqamətinə artıq İrandan və İraqdan əlavə qüvvələr göndərilib. Əgər Suriya ordusu yaxın günlərdə koordinasiyanı bərpa edə bilsə, hücumu dayandıra bilər. Əks halda, hakimiyyətlər şimal bölgələrində əhəmiyyətli əraziləri itirməklə barışmalı olacaqlar".
Qeyd edək ki, noyabrın 27-də İdlibdəki müxalif qüvvələr gözlənilmədən Suriyanın Hələb şəhərinə və Saraqib bölgəsindəki nəqliyyat qovşağına hücum ediblər. Gözlənilməz hücum nəticəsində onlar üç gün ərzində Hələb, Saraqib və onlarla yaşayış məntəqəsini ələ keçiriblər. Yalnız Rusiya aviasiyasının ağır bombardmanları cənuba, Hama istiqamətində irəliləyən müxalif döyüşçüləri dayandıra bilib. Döyüşlər davam edir. Suriya hökumət qüvvələri şimalda böyük itkilərdən sonra əks hücuma keçib.
Afaq Mirayiq,
Musavat.com