RU

Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilib

l Daşkəndə gələn Azərbaycan nümayəndə heyəti forumdan əvvəl ulu öndər Heydər Əliyevin paytaxtdakı abidəsi önünə əklil və çiçək dəstələri qoyub. 

Sonra Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri Hökumət Təşkilatlarının (QHT) forumu keçirilib.

Tədbirdə Özbəkistan Ali Məclisi Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçisi, ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları, jurnalistlər iştirak edib.

Forumun rəsmi açılış mərasimində əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənib,
Azərbaycan-Özbəkistan əməkdaşlığı ilə bağlı videoçarx nümayiş edilib.

Özbəkistanın Qeyri-Hökumət, Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, indiki forum bu prosesin davamıdır.

Özbəkista Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi”kimi qeyd olunmağa başlandığını vurğulayıb və bu günlərdə belə bir forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyət göstərir: T.Əliyev deyib: “Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”.

T.Əliyev Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib: “Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a ev sahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirilib. Özbəkistan nümayəndə heyəti orada çox fəal iştirak edib, vacib təşəbbüslər irəli sürülüb. 

Tural Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da bildirib: “Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdə QHT-lərin də layiqli töhfələrini verməyə başlaması münasibətlərə yeni çalar qatır. 

Azərbaycan-Özbəkistan münasibətlərinə toxunan M.Cəfərov qeyd edib ki, bu gün ölkələrimiz arasında 185 müqavilə və saziş imzalanıb ki, bu da əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. 

Forumun ikinci hissəsində “Qadınların ictimai həyatda fəal iştirakını təmin etmək: problemlər və perspektivlər”,”Vətəndaş cəmiyyətləri təşkilatlarının yerli və qlobal səviyyədə qərarların qəbul edilməsində iştirakı:Azərbaycan QHT-lərinin COP29 Milli Forumu təcrübəsi”,”Xaricdə Türkdilli dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və bu prosesdə QHT-lərin rolu” və digər mövzularda müzakirələr aparılıb. 

Forumun sonunda Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. 

Axşam isə nümayəndə heyəti paytaxtdakı Mukimi adına Musiqili Teatrda “Qayçı qudalar” tamaşasına baxıblar. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Избранный
35
21
xalqqazeti.az

10Источники