Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyanın paytaxtı Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum meyitin gizlədildiyini iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa məlumat yayıb.
Villa bildirir ki, bu meyitlər hələ də dəfn olunmayıb, çünki şəxsiyyəti müəyyən etmək mümkün deyil və ya qeyri-mümkündür.
Meyitlərin mühafizə altında saxlandığını bildirən Villa, "Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssis yoxdur. Üstəlik, meyitləri lazımi şəkildə qoruyacaq yer də yoxdur", - deyib.
Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanında bir anqarda gizləndiyi iddialarını rədd edərək, sözügedən anqarın varlığından xəbərsiz olduqlarını açıqlayıb.
Meyitlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.
Yerli mətbuatın məlumatına görə, daha əvvəl məlumat çatışmazlığı səbəbindən təhvil verilə bilməyən 8 min naməlum cəsədin Boqotada İtmiş İnsanların Genetik Profilləri Bankının anbarlarında saxlandığı bildirilib.
BMT-nin bu iddiası Kolumbiyadakı münaqişələrdə məcburi itkin düşmələr və itkin düşən insanlarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.