RU

Qarabağ və Şərqi Zəngəzurda yeniləşən, müasirləşən yol infrastrukturu

Azərbaycanda yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Ölkədə avtomobil yollarının yenidən qurulması və tikintisi sahəsində genişmiqyaslı layihələr həyata keçirilir. Bakıdan ölkənin bütün bölgələrinə çıxışı təmin edən əsas avtomobil yolları genişləndirilir. Beynəlxalq əhəmiyyətli magistral yollar ölkənin tranzit potensialını artırır. Kənd yollarının yenidən qurulması regionların inteqrasiyasını gücləndirir və kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını asanlaşdırır.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatları da ölkədə nəqliyyat sahəsində həyata keçirilən dərin islahatların miqyasını və effektivliyini əyani şəkildə təsdiqləyir. Reytinqlərə əsasən, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə dünya üzrə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci pillədə qərarlaşıb. Bu nailiyyətlər Azərbaycanın regionda tranzit və logistika mərkəzi kimi önəmini artırır. Əldə olunan nailiyyətlər ölkəmizin müasir nəqliyyat infrastrukturu quruculuğuna verdiyi önəmi və qlobal nəqliyyat sisteminə inteqrasiyasını əks etdirir.

Respublikamızda yol layihələrinin icrası fasiləsiz şəkildə davam etdirilir. Bu gün  azad olunmuş ərazilərdə Böyük Qayıdışı təmin etmək, davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub. Bunun nəticəsidir ki, Qələbəmizin simvolu sayılan Zəfər yolunun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədədir. Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəlidir. Təbii ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi asan məsələ deyil. Bunun üçün ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.

İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir. Bu ərazilərdə müasir yol infrastrukturu layihələrinin uğurla icrası Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesində mühüm rol oynayır.

Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 17 oktyabr 2021-ci ildə Füzuli rayonuna səfərləri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası üzrə işlərin 82 %-ni icra edib.

Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir. Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun da yenidən qurulması davam etdirilir. Bu yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir. Sözügedən yolun ilk 11,7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir.

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların eləcə də keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib. Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir. Layihə boyu ümumi fiziki tərəqqi 55 % təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

Nigar Orucova, “İki sahil”

Избранный
61
ikisahil.az

1Источники