RU

Mərkəzi oyun Masazırda, Sumqayıtda prinsipial duel

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. “Araz-Naxçıvan” Bayılda “Səbail”in qonağı olacaq, “Qarabağ” isə “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. “Neftçi”nin bu turdakı rəqibi “Sumqayıt” olacaq. “Turan Tovuz” “Şamaxı”nın, “Zirə” isə “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.

Səbail – Araz-Naxçıvan
Əvvəlki oyun 2:3

Cavid Hüseynovun təyinatından sonra Premyer Liqada iki oyunu da uduzan “Səbail” xal qazanmaq arzusundadır. “Dənizçilər”də heyətlə bağlı çatışmazlıqlar var. Xüsusilə hücumda “diş göstərə bilməyən” Bayıl təmsilçisi bu görüşlərdə qol da vura bilməyib. Komanda turnir cədvəlinin sonuncu sırasına enib və elitada qalmaqçün artıq hər matç xüsusi önəm daşıyır.

“Araz-Naxçıvan” isə biləyi bükülməyən komandaya çevrilib. Elmar Baxşıyevin yetirmələri nizamlı oyunu ilə seçilir və minimal hesablı qələbələr komandanın ikinci pillədəki yerini möhkəmlətməsinə səbəb olub. Görüşün favoriti “Araz-Naxçıvan”dır.

Sabah – Qarabağ
Əvvəlki oyun: 2:3

Vasili Berezutskinin gəlişindən sonra ardıcıl iki oyunda qələbə qazanan “bayquşlar”ın əsas sınağı bu gün olacaq. Daha əvvəl kubokda “Turan Tovuz”a və çempionatda “Səbail”ə qalib gələn “futuristlər”də hələ rusiyalı mütəxəssisin işi hiss edilmir. Berezutski düzgün seçim olduğunu göstərmək üçün bu oyunda xal və ya xallar qazanmalıdır.

“Qarabağ” isə Avropa Liqasında “Elfsborq”la oyunöncəsi ağır sınağa çıxacaq. “Sabah” səfərləri hər zaman komandalar üçün çətinlik yaradıb. Xüsusilə “bayquşlar”ın hücum xəttinin effektivliyi son turlarda boşluqlara yol verən “Qarabağ” müdafiəsi üçün başağrısı ola bilər. Komandaların duelləri bolqollu keçir bə bugünkü gözlənti də bu yöndədir.

Kəpəz – Zirə
Əvvəlki: 0:3

Turnir cədvəlində sonuncu pillədən qurtulan “Kəpəz” elitada qalmaq mübarizəsindədir. Gəncə təmsilçisi Azər Bağırovun gəlişindən sonra oyun planında yüksəlişdədir. Ötən turda “Sumqayıt”ı məğlub etməklə uğursuz seriyasını sonlandıran “Zirə” növbəti qələbə axtarışındadır. Turnir cədvəlinin 4-cü sırasında yer alan “qartallar” “üçlük”dəki komandalardan uzaqlaşmamaq üçün mütləq xallar qazanmalıdır.

Sumqayıt – Neftçi
Əvvəlki oyun: 1:1

Turun prinsipial oyunu Sumqayıtda olacaq. Sabir Abasov sabiq iş yeri “kimyaçılar”ın qonağı olacaq. Uğursuz mövsüm keçirən “Neftçi” ötən turda “Zirə”yə qalib gəlib və bunu davam etdirməyi planlaşdırır. Komandaların bumövsümkü birinci duelində bərabərlik qeydə alınıb. Samir Abasovun “Sumqayıt”dan ani gedişi və “Neftçi”yə üz tutması azarkeşlər tərəfindən də xoş qarşılanmayıb. Fanatların yenidən Sumqayıta qonaq gələcək Abasova reaksiyası maraqla gözlənilir.

“Sumqayıt” isə Vaqif Cavadovun təyinatından sonra oyun planında artırıb. Xüsusilə hücumda effektiv olan və sürətli çıxışları ilə seçilən “kimyaçılar” çətin günlər keçirən “ağ-qaralar”a problem yaratmaq gücündədir.

Turan Tovuz – Şamaxı
Əvvəlki oyun: 2:2

“Turan Tovuz” enişdədir. Kurban Berdıyevin yetirmələri son beş rəsmi oyunda qələbə qazana bilməyib. “Şamaxı” ilə ev oyunu komandanın bu uğursuz zolaqdan çıxması üçün yaxşı şansdır.

“Şamaxı” da çətin günlər keçirir. Heyət çatışmazlığı komandanın əsas problemlərindədir. Son turda “Kəpəz”ə məğlubiyyət ciddi narazılıq yaradıb və artıq baş məşqçi Ayxan Abbasov istefaya səslənib. Tovuz səfəri hər komanda üçün ağırdır. “Şamaxı”nın burda qazanacağı bir xal da qənaətbəxş hesab edilə bilər.

Şahin Cəfərov

Избранный
10
futbolpress.az

1Источники