RU

“Qardaşımın şəhid xəbərindən 3-4 saat sonra atamın ölüm xəbərini aldım”-şəhid Vadim Qocayevin qardaşı - FOTO

“Qardaşım 2022-ci il 13 sentyabrda ermənilərin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə qəhrəmancasına şəhid olub. Qardaşımın şəhid xəbərindən sonra atam Alik Qocayevin ürəyi partladı, bu xəbərə dözmədi. Qardaşım tam bir qəhrəman idi, nə qədər qəhrəmanlığından danışsam az olar. Vadim sanki vətən üçün doğulmuşdu. Atam bizə atalıqdan əlavə həm də dost olub. Ata obrazının necə olmağını onun timsalında görüb öyrənmişik. Mən qardaşımla da, atamla da fəxr edirəm. Onların yoxluqları bizə çox çətindir. Hər hansısa addımımızda ağlımıza gəlirlər, düşünürük. Yerləri dolmur, heç vaxt da dolmayacaq. Onlar gedəndən sonra bizim xoşbəxtliyimiz də getdi. Sanki 13 sentyabrda nəinki qardaşımla atamı, xoşbəxtliyimizi də onlarla birgə dəfn etdik. Allah heç bir kəsə bu acını göstərməsin, bütün şəhid ailələrinə səbr versin. Dözülməz bir acıdır”
 
Bunu Moderator.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vadim Qocayevin qardaşı Alı Qocayev deyib. O daha sonra əlavə edib:
 
“Qardaşım şəhid olanda mən hərbi xidmətdə idim. Həmin günün axşamı gəldim evə. Heç bir məlumatım yox idi, başqa adla məni evə çağırmışdılar. Amma şəhid olmazdan 2 gün öncə atamla da danışmışdım, qardaşımla da. Atam dedi ki, qardaşın Kəlbəcərdə təlimdədir. Telefonda deyib-güldük, söhbətləşdik. Ümumiyyətlə qardaşım bizə heç bir çətinlik barəsində, işi haqqında danışmırdı. Atamın ölümünü mənə o biri qardaşım dedi. Ondan başqa heç kim bu xəbəri mənə deyə bilməzdi. Qardaşımın şəhid xəbərindən 3-4 saat sonra atamın ölüm xəbərini aldım. Çox qəribə hisslərdir. Danışanda belə o acını izah edə bilmirəm. Atamla qardaşım eyni yerdə, Qobustan rayonu Sündü kəndindəki Şəhidlər xiyabanında dəfn olunublar. 3 qardaş idik. Vadim bizim böyük qardaşımız, digəri ortancıl, mən isə kiçik qardaşam. Atamız hamımızı ayrı-ayrılıqda çox istəyirdi. Nədənsə məhrum qalmamışıq, o bizim üçümüzü də sırf hərbçi kimi yetişdirmişdi. O biri qardaşım da hərbçidir. Atam da 1992-ci ildə 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub” deyə şəhidin qardaşı deyib.                
 
Alı Qocayev bildirib ki, tək təsəlliləri şəhid qardaşından yadigar qalan iki övladıdır:
 
“Qardaşım şəhid olanda qızı İlayda 10 aylıq idi. Şəhid olandan 2 ay sonra Zeyd adında oğlu dünyaya gəldi. Təsəlli, ümid yerimiz onlardır. İlaydanın 3, Zeydin isə 2 yaşı var. Onlar hələ atalarının yoxluğunu tam dərk etmirlər, bilmirlər. Zeyd atasının üzünü görməsə belə şəkildə görür və bilir ki, o atasıdır. Bayraq görəndə deyirlər ki, “atamın bayrağı”. Şəkilləri öpürlər, sığallayırlar. Böyüyəndə necə qəhrəman bir atanın övladları olduğunu biləcəklər. Qardaşımla biz fəxr etdiyimiz kimi, onlar da ataları ilə qürur duyub, fəxr edəcəklər” deyə şəhid Vadim Qocayevin qardaşı Alı Qocayev deyiib.
 
Избранный
56
1
moderator.az

2Источники