RU

Qərbi Azərbaycana böyük qayıdış  

Dekabrın 5-də Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət məktubu göndərib.

Dövlət başçısı müraciətində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququn təminatı məsələsinə toxunub və Ermənistanı Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamağa çağırıb:

"Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir", – deyə Prezident İlham Əliyev vurğulayıb. 

Prezident, həmçinin qeyd edib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir:

“Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir”. 

Sonda Prezident İlham Əliyev konfrans iştirakçılarına uğurlar arzulayıb:

“Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”. 

Məsələ ilə bağlı Milli Məclisinin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Ermənistan Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı və azərbaycanlıların qayıdış hüquqlarını tanımalıdır:

“Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda 51 ölkənin 100-dən çox nümayəndəsi iştirak edir. İştirak edən nümayəndələr beynəlxalq hüquq üzrə ekspertlər və tanınmış insan hüquqları müdafiəçiləridir. Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət göndərib. Dövlət başçısı öz müraciətində Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan yayınmasının qəbuledilməz olduğunu vurğulayıb.

Beynəlxalq konfransda iki əsas aktual məsələ müzakirə olunur. Birincisi, vaxtilə Ermənistan vətəndaşı olmuş, 1987-1991-ci ildə Ermənistandan zorla deportasiya edilən azərbaycanlıların öz dədə-baba və doğma torpaqlarına qayıtmaq hüququnun təmin edilməsidir. Ermənistan dövləti Qərbi azərbaycanlıların bu hüququnu tanımalı və qayıtdıqdan sonra onların təhlükəsizliyinə təminat verməlidir”. 

O bildirib ki, konfransda müzakirə predmenti olan digər əsas məsələ Ermənistanda azərbaycanlıların maddi-mədəni irsi ilə bağlıdır:

“Qərbi Azərbaycan İcması olaraq UNESCO-ya Ermənistanda soydaşlarımızın maddi-mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı Ermənistana missiya göndərmək barədə müraciət göndərmişik. Ona görə də məhz belə konfranslar vasitəsilə bu problem beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. İnsan hüquqları üzrə beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunması və maddi-mədəni irsinin vəziyyətinin öyrənilməsi üçün Ermənistana təzyiqlər etməlidir.

Avropanın institutları da bu məsələyə diqqət ayırmalıdır. Yalnız bu yolla ədaləti və hüququ bərpa etmək olar. Əgər Avropa İttifaqı, AŞPA və Avropanın digər institutları insan hüquqlarının əhəmiyyətindən danışırsa, Qərbi Azərbaycanlıların qayıdışı hüququnun təminatı istiqamətində tədbirlər görməlidir”. 

Избранный
73
19
cebheinfo.az

10Источники