RU

Beynəlxalq konfransının iştirakçıları Xankəndi və Xocalıda olublar- FOTO

Image

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

Nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

Konfrans iştirakçıları Xankəndi şəhərindən sonra Xocalıya gəliblər. Qonaqlar ermənilərin burada törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Otuz iki ildir xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Səfər zamanı nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

ZÜMRÜD






Избранный
34
8
baki-xeber.com

10Источники