Xəbər verdiyimiz kimi, "Həyat Təhrir əl-Şam" qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, ovaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib və silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.
Dekabrın 5-də Suriya ordusu ölkə əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib.
Dekabrın 8-də president Bəşər Əsəd hökumətinə qarşı döyüşən Suriya üsyançıları televiziya ilə yayımlanan bəyanatda Dəməşqə nəzarəti ələ keçirdiklərini və Bəşər Əsəd rejimini devirdiklərini bildiriblər.
Rusiya Federal Şurasının vitse-prezidenti Konstantin Kosaçev özünün Teleqram kanalında yazıb ki, Suriyada problemlər hələ qarşıdadır, bu və ya digər şəkildə, vətəndaş müharibəsi bu gün bitməyəcək, açıq terror qrupları da daxil olmaqla, həddindən artıq çox münaqişə var.
Maraqlıdır, Əsəd rejiminin devrilməsinin ardından Suriyada gələcək proseslər necə cərəyan edəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Suriyadakı proseslərin bir mərhələsi bitib, 61 illik BƏƏS rejimi və 54 illik Əsəd sülalə rejiminə son qoyulub. Onun sözlərinə görə, bu proseslər olduqca sürətli getdi və nəyin necə baş verdiyini ciddi şəkildə anlamaq da çətin oldu. “Hansı güclərin hesabına bu proseslər belə sürətli oldu?” kimi çoxlu sualların olduğunu deyən politoloq artıq bu mərhələnin geridə qaldığını söyləyib.
O.Qasımov nəzərə çatdırıb ki, BMT-nin 2254 saylı qətnaməsinə görə Suriyada keçid hökuməti təşkil olunmalı və Əsədi devirən müxalif qüvvələrin lideri olan Qolaninin də çıxışında keçid dövrünün 18 ay davam edəcəyi və bu müddət ərzində artıq yerlərdə yerli seçkilərin keçirilməsi, o cümlədən yeni konstitusiyanın hazırlanması və s. kimi ciddi məsələlərin gündəmdə olması fikirləri səslənib:
“Hər kəs istər ki, bundan sonra Suriyadakı proseslər qansız-qadasız davam eləsin və nəhayət, bu torpaqlara sabitlik gəlsin. Son 14 ildə Suriyada təxminən 1 milyona yaxın insan vətəndaş müharibəsi nəticəsində həyatını itirib, 10 milyona yaxın insan ölkəni tərk etmək, qaçqın düşmək məcburiyyətində qalıb”.
Oqtay Qasımov: Bölgədə marağı olan 5 gücdən yalnız Türkiyə...
Olduqca ağır proseslərin qarşıda olduğunu deyən müsahibimiz qeyd edib ki, bölgədə çox ciddi maraqları olan güclər var və buna görə də gələcəyin necə olacağını indidən söyləmək kifayət qədər çətindir.
Həmsöhbətimiz vurğulayıb ki, son dövrlərə qədər Suriyada əsas söz sahibi olan Rusiya və İranın mövqeləri ciddi şəkildə zəifləyib. Baxmayaraq ki, Rusiyanın hələ də 2 hərbi bazası Suriyada qalmaqdadır və onun taleyinin necə olacağı Rusiya ilə yeni hakimiyyəti götürmüş qüvvələr arasında aparılan danışıqların nəticəsində məlum olacaq:
“Görünən budur ki, bu proseslərdə daha çox Amerika, İsrail də rol almaq istəyəcəklər. Hesab edirəm ki, bölgədə marağı olan 5 gücdən - Türkiyə, Amerika, İsrail, Rusiya və İrana nəzər saldığımızda yalnız Türkiyə Suriyanın ərazi bütövlüyündən yanadır və ölkədə sabit rejimin qurulmasında, o cümlədən bölgəyə sülh, sabitlik gəlməsində və Suriyada yaşayan bütün insanların etnik dini kimliyindən asılı olmayaraq hər biri üçün yaşayış şəraitinin olduğu bir ölkəni istəyir. Qalanları isə sadəcə öz maraqlarını önə sürürlər”.
Ekspert Amerika prezidenti Co Baydenin açıqlamasının Suriyanın gələcəyi ilə bağlı məsələlərdə müəyyən suallar yaratdığını diqqətə çatdırəb. Dediyinə görə, ABŞ yenidən İŞİD-i bəhanə edərək Suriyadan çıxmayacağını qeyd edib və guya bundan sonra özünün vaxtilə yaratdığı İŞİD-lə mübarizə tezisi irəli sürülür. Neçə illərdir bölgədə İŞİD-in varlığı ilə bağlı bir məlumatın olmadığını və faktiki olaraq səslənən bəyanatların İŞİD-in artıq bitirildiyini göstərdiyini vurğulayıb:
“Görünən odur ki, Amerikaya lazım olduqda belə təşkilatlar “xortladılıb” ortaya çıxarılır. Digər tərəfdən Bayden bölgə ölkələrini, yəni İraq, İordaniya, Livan və digərlərini də dəstəkləyacəyini qeyd edib. Çox maraqlıdır ki, onun özünün 70 illik müttəfiqi Türkiyə ilə bağlı hansısa bir kəlməsi də keçmir. Təbii ki, Türkiyənin bölgədə marağı ciddidir. Türkiyə qeyd etdiyimiz kimi Suriyada ərazi bütövlüyündən və normal bir dövlət quruluşunun qurulmasından yanadır. Elə bir dövlət sisteminin yaradılmasını istəyir ki, bütün insanların haqq və hüquqları qorunsun. Suriyadakı terror yuvaları dağıdılsın və ümumiyyətlə bölgəyə təhdid təşkil edən PKK\PYD-nin uzantıları çıxarılıb təhlükəsiz hala gətirilsin. Amma Amerikanın mövqeyi PKK\PYD-ni dəstəkləmək və bundan sonra işbirliyini davam etdirməkdir”.
Ekspert onu da vurğulayıb ki, dünəndən bəri İsrail ordusu Suriya ərazilərinə girib və Qolon Təpələrini işğal etmək haqqında orduya əmr verilib. Artıq Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın Qolon Təpələri ilə bağlı məsələnin gündəmə çıxarmaqla bağlı təşəbbüslə çıxış edib.
“Bu isə o deməkdir ki, hazırda Suriya üzərində hər kəs öz hesabını güdməyə çalışacaq. Görünən odur ki, Suriyanı qarşıda hələ çox ciddi problemlər gözləyir. Bölgədə marağı toqquşan qüvvələrin mövqeləri Suriyanın gələcəyinə kifayət qədər təsir edəcək”.
Mina Mikayılova