RU

Oqtay Qasımov: “ABŞ  İŞİD-i bəhanə edərək Suriyadan çıxmayacağını bəyan edir”

Nəhayət 14 illik mübarizədən sonra Suriyada Bəşər Əsəd rejiminə son qoyuldu.2011-ci ilin əvvəlindən başlayan bu münaqişə getdikcə regional münaqişəyə gətirib çıxartdı və Suriya darmadağın edildi. Əsədi dəstəkləyən qüvvələr isə Regionda öz maraqlarını təmin etmək üçün ona hərbi və siyasi dəstək verərək minlərlə suriyalının ölümünə səbəb oldular. Artıq iki gündür Suriyada Əsəd rejimi devrilib və yeni dönəm başlayıb.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Əsədin devrilməsi Suriyadakı proseslərin birinci mərhələsi başa çatması deməkdir:

“Proseslər olduqca sürətli getdi və nəyin necə baş verdiyini ciddi şəkildə anlamaq da bir az çətindir. Hansı güclərin dəstəyi ilə bu proseslər həyata keçdi fikirlərilə bağlı müxtəlif suallar var. Artıq bu mərhələ geridə qalıb və rejim devrilib. Təhvil-təslim prosesi başlanıb. BMT-nin 2254 saylı qətnaməsinə görə Suriyada keçid hökuməti təşkil olunmalıdır. O cümlədən Əsədi devirən müxalif qüvvələrin lideri Əl Culani də bildirib ki,  keçid dövrü 18 ay davam edəcək və bu müddət ərzində yerli seçkilərin keçirilməsi, o cümlədən yeni konstitusiyanın hazırlanması, digər məsələlər gündəmdədir. Əlbəttə ki, hər kəs  bundan sonra Suriyada  proseslərin qansız-qadasız davam etməsini istəyir. Son 14 ildə Suriyada təxminən 1 milyona yaxın insan həyatını itirib. 10 milyondan artıq suriyalı qaçqın düşüb. Bütün bunlar olduqca ağırdır. Amma hələ çətin proseslər qarşıdadır.

Nəzərə almalıyıq ki, bölgədə ciddi maraqları olan güclər var. Ona görə Suriyanın gələcəyi ilə bağlı fikir bildirmək çətindir. Son dövrlərə qədər Suriyada əsas söz sahibi olan Rusiya və İranın mövqeləri ciddi şəkildə zəifləyib. Baxmayaraq ki, Rusiyanın hələ də iki hərbi bazası Suriyada qalmaqdadır. Onun taleyinin necə olacağı Rusiya ilə yeni qüvvələr arasında aparılan danışıqlar nəticəsində məlum olacaq. Görünən budur ki, bu proseslərdə daha çox ABŞ və İsrail də yer almaq istəyəcək. Bölgədə marağı olan beş gücdən-Türkiyə, ABŞ, İsrail, Rusiya və İran- yalnız Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə Suriya ərazisində sabit rejimin qurulması, eyni zamanda bölgəyə sülh gəlməsi, Suriyada yaşayan bütün insanların rifahının yaxşılaşdırılması üçün çalışır. Digərləri isə yalnız öz maraqları naminə mübarizə aparır. Bu mənada dünən ABŞ prezidenti Baydenin açıqlaması Suriyanın gələcəyi ilə bağlı məsələlərdə müəyyən suallar yaradır. ABŞ yenidən İŞİD-i bəhanə edərək Suriyadan çıxmayacağını bəyan edir. Guya bundan sonra özünün vaxtilə yaratdığı İŞİD-lə mübarizə tezisi irəli sürülür. Hansı ki, neçə illərdir  bölgədə artıq İŞİD-in mövcudluğu ilə bağlı məlumat yoxdur. Faktiki olaraq səslənən bəyanatlara görə  İŞİD artıq bitirilib. Amma ABŞ-yə lazım olan zaman belə təşkilatlar dərhal xortlayır. Digər tərəfdən Bayden region ölkələrini- İraq, İordaniya, Livan- dəstəkləyəcəyini qeyd edib. Maraqlıdır ki, onun özünün 70 illik müttəfiqi Türkiyə ilə bağlı hansısa  kəlməsi də yoxdur. Təbii ki, Türkiyənin bölgədə marağı ciddidir. Türkiyə Suriyada ərazi bütövlüyündən və normal dövlətin qurulmasından yanadır. Türkiyə həmçinin Suriya ərazisindəki terror yuvalarını dağıtmaq üçün səy göstərir”.

Suriyada baş verənlərin dünya nizamına təsirindən danışan politoloq bildirib ki, bu, hakimiyyətə gələcək qüvvələrin rolundan asılıdır: “Təbii ki, ABŞ mümkün qədər bölgədə nəzarəti əlində saxlamaq üçün Suriyadakı proseslərə müdaxilə edərək orada yaranacaq yeni hakimiyyəti öz nəzarətində saxlamağa çalışacaq. Suriyanın daxilində də özünün PKK və PYD kimi terror təşkilatları vasitəsi ilə prosesləri idarə etməyə səy göstərəcək. İsrailin regionda maraqlarının təmin olunması ilə bağlı addımlar atılacaq. Rusiya və İranın bölgədən sıxışdırılması üçün müəyyən addımların atılması davam edəcək. Cənubi Qafqaza gəlincə, hadisələrin bizim regiona təsiti oradakı iştirakçı tərəflərin hansı dərəcədə bu proseslərən yararlanmasından asılı olacaq. Cənubi Qafqazın üç regional gücü- Türkiyə, Rusiya və İran Suriyadakı proseslərdə aktiv iştirak edən tərəflər olublar. Hazırkı durumda ən çox ziyan çəkən İrandır. Çünki İran apardığı destruktiv siyasət nəticəsində Suriya əhalisi arasında ciddi nifrət qazanıb. 2016-cı ildən sonra İranın  Rusiya ilə birgə Əsəd rejimini dəstəkləmək üçün Suriya ərazisində kütləvi qırğınlara getməsi, insanların yaddaşındadır. Məhz bu səbəbdən də hakimiyyət devrilən kimi, etirazçıların ilk hücumu İran səfirliyi oldu. Rusiya isə özünün əsas dayaqlarından birini itirsə də, hələlik onun bölgədəki iki hərbi bazası ilə bağlı məsələ həllini tapmayıb. Əgər Rusiyanın hərbi bazaları ərazidən çıxarılacaqsa, Rusiya üçün kifayət qədər neqativ təsirləri ola bilər. Hazırkı prosesdə üç gücün arasında Türkiyə daha  əlverişli mövqedədir. Türkiyənin Suriyadakı siyasəti həyata keçəcəksə və Türkiyə özünün təhlükəsizliyi ilə bağlı qayğılarını həll edəcəksə bu onun mövqeyinin güclənməsinə gətirib çıxaraxaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
72
41
konkret.az

10Источники