RU

Bəşər Əsədin milyardları kimə qaldı? – 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl və NƏLƏR…/VİDEO

Suriyanı tərk edən diktator Bəşər Əsədin hazırda Rusiyada olduğu ehtimal edilsə də, ölçüyəgəlməz sərvətinin böyük hissəsinin ölkədə qaldığı dəqiqdir.

Xatırladaq ki, devrildikdən sonra Liviya lideri Qəzzafinin, İraq rəhbəri Səddam Hüseynin də böyük varidatı ortalıqda qalmışdı. Onlar vəzifələrindən istifadə edərək milyardlarla dollar həcmində şəxsi sərvət toplamaqda Bəşər Əsəddən geri qalmırdılar. Amma bu diktatorların Bəşər Əsəddən bir fərqi o oldu ki, haqq-hesab anının yaxında olduğunu bilə-bilə ölkələrini başsız qoyub qaçmadılar – ikisi də gizləndi, ikisi də axırda ələ keçdi, birini asdılar, o birini küçədə linç edib öldürdülər.

İndi Bəşər Əsəddən geriyə qalanlar dağılmış, parçalanmış, xaos içində çabalayan Suriya, bir də onun acgözlüklə, öz xalqına qarşı min bir cinayət törədərək topladığı var-dövlətdir.

Üsyançıların ələ keçirdiyi Dəməşqdə çəkilən videokadrlardan birində Bəşər Əsədin lüks avtomobillərinin olduğu qaraj da yer alıb. İnsan acgözlüyünün sərhədi yoxmuş.

Qarajda 100-ə yaxın, bir-birindən bahalı maşınlar var. Bəşər Əsəd onları ehtiyacı üçün yox, təmtəraq üçün tədarük edib və hamısına çox böyük pullar xərcləyib. Dünyanın aparıcı avtomobil şirkətlərinin istehsalı olan bu maşınların qiyməti 200 min dollardan başlayır, aralarında qiyməti 1 milyon dolları ötənləri də var.

Suriyanın sıravi vətəndaşının yuxuda görə biləcəyi maşınların sırf “məndə də bu maşından olsun” düşüncəsi ilə alındığı yəqindir. İndi o avtomobillər yiyəsizdir və böyük ehtimalla kimlərinsə arasında pay-bölüş ediləcək.

54 illik Hafiz\Bəşər Əsəd hakimiyyəti dövründə Suriyada avtomobil istehsalı bir yana, heç təkərli uşaq arabası istehsalı olmayıb.

Maliyyə məsələləri üzrə ixtisaslaşmış ensiklopediya olan “Investopedia” 10 il öncə, 2014-cü ildə 5 ərəb prezidentin var-dövləti haqda hesabat dərc etmişdi. Siyahıda birinci Müəmmər Qəzzafi, ikinci Bəşər Əsəd, üçüncü Hüsnü Mübarək, dördüncü Abdullah Saleh və beşinci Zeynal-Abidin ben Əli idi. Həmin siyahıdan son günlərə qədər hakimiyyətdə yalnız Bəşər Əsəd qalmışdı. O da İran və Rusiyanın sayəsində hakimiyyətini qoruya bilmişdi. Yoxsa “Ərəb baharı” onun da gülünü solduracaqdı.

Təkcə Liviya lideri Müəmmər Qəzzafi 42 illik hakimiyyəti dövründə 75-80 milyard dollar arasında sərvət toplayıbmış. Hələ hakimiyyətdə olarkən ABŞ-də Qəzzafi ailəsinin 30, Kanadada 2,4, Avstriyada 1,7, Böyük Britaniyada 1 milyard dollar sərmayələri dondurulub.

Həmin günlərdə Suriya prezidenti Bəşər Əsədin sərvəti 1,5 milyard dollar olub. Lakin “Investopedia” Bəşər Əsəd ailəsinin əsas vəsaitlərinin əslində 122 milyard dollara çatdığını hesablamışdı.

10 il öncə “Investopedia” yazırdı ki, Bəşər Əsədin sərvətinin mənbəyi enerji resursları, torpaq və lisenziyaların satışıdır.

“Investopedia” maraqlı bir hesablama da aparmışdı. 2014-cü ildə Suriya əhalisinin sayının 23 milyon nəfər olmasını qeyd edərək, Bəşər Əsədin var-dövlətini pula çevirib hər bir Suriya vətəndaşına (uşaqlı-böyüklü) bölmüşdülər. Hər bir suriyalıya bu sərvətdən təxminən 5300 dollar düşürdü. Suriyalı ailə üzvlərinin orta hesabla 6 nəfər olduğu nəzərə alınanda, diktatorun hər ailədən 31 min 800 dollar oğurladığı məlum olurdu.

Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Dəməşqdə Suriya hərbi hava qüvvələrinin komandanı, sonradan Suriya prezidenti olmuş (1971-2000) briqada generalı Hafiz Əsədin ailəsində anadan olub. Orta təhsilini Dəməşqdəki imtiyazlı “Hürriyyə” ərəb-fransız liseyində alıb. 14 yaşında Ərəb Sosialist İntibah Partiyasının (BAAS) gənclər təşkilatına qoşulub. Liseyi bitirdikdən sonra hərbi xidmətdə olub. 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini oftalmologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Dəməşq yaxınlığındakı Tişrin hərbi hospitalında işləyib. 1992-ci ildə Londona gedib və orada London universitetinin klinikasında təhsil alıb. 1994-cü ildə Hafiz Əsədin dövlət başçısı kimi varisi kimi gördüyü böyük qardaşı Basil avtomobil qəzasında dünyasını dəyişdikdən sonra Bəşər Əsəd Dəməşqə qayıdıb. Həmin il o, Homs şəhərindəki hərbi akademiyaya daxil olub və respublika qvardiya diviziyasına yazılıb. 1995-ci ildə tank batalyonuna komandirlik edib. O, hərbi xidmətlə paralel olaraq vətəndaşların şikayət və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə aparan büronun rəhbəri olub.

1997-ci ildə qvardiyanın komandanı, 1999-cu ildə isə prezidentin müşaviri təyin edilib. O, ölkənin siyasi həyatında fəal iştirak edib - Suriya və Livan arasında münasibətlərə nəzarət ona həvalə olunub və bir sıra ərəb ölkələrinə səfərlər edib. 2000-ci il iyunun 10-da Hafiz Əsədin qəfil ölümündən sonra ölkə parlamenti konstitusiya dəyişikliyi qəbul edib və prezidentliyə namizədlər üçün yaş həddi 40-dan 34-ə endirilib. Bu, Bəşər Əsədə ən yüksək hökumət postunu tutmağa imkan verib. Hakim BAAS partiyasının konfransında o, “partiyanın və xalqın lideri” elan edilib və dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülüb.

2000-ci il iyulun 10-da keçirilən referendumda Əsəd prezidentliyə yeganə namizəd kimi təsdiq edilib. Seçicilərin 97%-nin ona səs verdiyi göstərilib. 2000-ci il iyulun 17-də o, 7 illik müddətə vəzifəsinin icrasına başlayıb. 2007-ci il mayın 27-də referendumda seçicilərin 97,6%-nin dəstəyini qazandığı, ikinci müddətə seçildiyi elan olunub.

ASAD

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb: hökumət əleyhinə kütləvi etirazlar Əsədin prezidentlikdən istefasını tələb edən hökumət qoşunları ilə müxtəlif silahlı müxalifət qrupları arasında silahlı qarşıdurmaya çevrilib. Belə bir şəraitdə 2012-ci ilin fevralında çoxpartiyalı sistemi təsbit edən yeni konstitusiya qəbul edildi. Ölkə tarixində ilk alternativ seçkilərdə, 3 iyun 2014-cü ildə Bəşər Əsəd səslərin 88 faizini qazanaraq üçüncü dəfə prezident kimi fəaliyyətə başlayıb. Avropa İttifaqı seçkilərin qanuniliyini şübhə altına alıb.

Bu vaxta qədər Suriyada “İslam Dövləti” qruplaşması güclənmişdi və 2015-ci ilin ortalarına qədər ölkə ərazisinin yalnız 20 faizi Əsəd hökumətinin nəzarəti altında qalmışdı. Bəşər Əsədin tələbi ilə Rusiya aerokosmik qüvvələrinin Suriyada əməliyyatlara cəlb olunub. Bu, Əsədin vəziyyətini yaxşılaşdırıb.

Bəşər Əsədin varidatının bu gün Suriyanın 7 illik dövlət büdcəsinə bərabər olduğu deyilir. Onun Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlaklarının, bank hesablarının varlığı haqda məlumatlar var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər. Bəşər Əsəd ailəsinin real sərvəti 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl həcmindədir. Onun Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinqi də var.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
12
50
paytaxt.org

10Источники