“İnsanlar bizim sahədən olduğu kimi görsənməyən, maskalanan insanları çox sevirlər. Onların ağızından söyüş düşmür, həyat tərzləri ürək açan deyil amma nədənsə efirdə özlərini “mələk” kimi göstərə bilirlər. Sən xalqa müraciət edib, sorğu keçirtsən 100 nəfərdən 80-ni onun adını çəkəcək. Deyəcəklər ki, o adam mənim gözümdə “mələkdir””.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Qapqara” layihəsində deyib.
Sənətçi bildirib ki, o da bir sıra həmkarları kimi musiqidə yolunu azıb:
“Özünü “mələk” kimi göstərən həmin müğənnilər arasında illər əvvəl efirlərə buraxılmayan, buraxılan da var. Həmin efirə buraxılmayanların bir neçəsi mənə müraciət etmişdi. İndi isə onlar populyar və davamlı efirlərdədirlər. Dəfələrlə onlar mənə pulla müraciət ediblər ki, get kanalla danış məni efirə buraxsınlar. Amma onları o pul qarşılığında belə kanallara buraxmayıblar. O zamanlar həm pul qazanmaq, həm də imici qorumaq vardı. Mən peşəkar səhnəyə çıxdığım ilk zamanlarda belə efirə çıxmaq üçün heç kimə pul verməmişdim. Çünki mən düzgün musiqi ilə çıxmışdım. Düzgün musiqi ilə gələnlərdən pul istəmirdilər. O zamanlar mən “Bakılı qız”, mərhum bəstəkar Nailə Mirməmmədlinin “Nə küskünsən” mahnısını və sayra... Bir albom çıxartdım, bu sırf klassik estrada janrı idi. Sonra boynuma alıram ki, yolumu azdım. Amma yolumu azmağımda bir məcburiyyət var idi. Etiraf edirəm ki, məni yolumdan azdırdılar. Bu gün musiqi prodüserim Asif Kərimov deyir ki, Vasif sən yolunu azdın. İndi mahnıların oxunuşunda olan diksiyalarda fərqlilik var. Məni başqa musiqi janrına sürükləyib özləri ilə apardılar”.