"Ulu Öndər Heydər Əliyev adı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək dahi bir şəxsiyyətdir" - DEPUTAT
"Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı hər il görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev böyük şəxsiyyət idi:
"Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan ulu öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu.
Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu".
Deputat vurğulayıb ki, Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı:
"Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar. Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Sözsüz ki, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı mütləq şərt idi və bu proses sürətlə start götürdü.
Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Çoxpartiyalı sistem yarandı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Bunlar Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin sübutları idi. Bir sözlə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan regionun güclü dövlətinə çevrildi. Ulu Öndər Heydər Əliyev adı və xidmətləri Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək dahi bir şəxsiyyətdir!"