RU

İSRAİL SURİYADAN NƏ İSTƏYİR, yaxud TÜRKİYƏ İLƏ TOQQUŞMA OLACAQ? - TƏHLİL

Suriyada Bəşər Əsədin devrilməsindən sonra sürətli siyasi yenidənqurma prosesinə start verilib. 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri olmuş Riyad Hicabın ölkənin keçid hökumətinin başçısı olacağı açıqlanıb.

Suriyanın yeni administrasiyası keçid prosesindən sonra siyahıyaalma, yeni konstitusiyanın yaradılması və azad seçkilərin keçirilməsi ilə bağlı yol xəritəsini açıqlayacağını bildirib.

Diqqətçəkən məqam Bəşər Əsədin devrilməsinə baxmayaraq, İsrail ordusunun Suriyanın cənubunda hərbi əməliyyatlar keçirməsidir. Belə ki, İsrail ordusu Qolan təpələrindən Suriya ilə sərhəddəki bufer-zonaya irəliləyib və bura əlavə qüvvələr cəlb edib, həmçinin mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail Suriyanın ağır silah anbarlarına hava hücumlarını gücləndirəcək və Əsədin devrilməsindən sonra Təl-Əvivə mümkün təhlükələri dəf etmək üçün məhdud hərbi varlığını davam etdirəcək. Saar qeyd edib ki, İsrail kimyəvi və uzaqmənzilli raketlər kimi strateji silah sistemlərinə hücum edir ki, ekstremistlərin əlinə keçməsin.

Aydın məsələdir: İsrail Suriyadakı hadisələri ümid və narahatlıqla izləyir, son illərdə Yaxın Şərqdə baş verən ən mühüm strateji dəyişikliklərdən birinin nəticələrini qiymətləndirir. Əsədin devrilməsi ABŞ, Türkiyə, İsrailin ortaq hədəfi olsa da, Suriyanın yenidən formalaşması prosesində bu üç ölkənin fərqli maraqların olduğu bəllidir.

İsrail Türkiyənin nəzarətində olan Suriyanı özünə təhdid olaraq görür. Buna görə də Suriyanın unitarlığının federativ sistemlə əvəzlənməsini istəyir. Bu baş verərsə, Təl-Əviv Dəməşqin işlərinə qarışa biləcək. Həm də bu yolla İsrail Türkiyənin Suriyada təkbaşına nüfuz əldə etməsinə maneə olacaq.

“Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar Türkiyənin yanındadır. İsrail də vəziyyətdən istifadə edib kürdlərə, druzlara muxtariyyət əldə etmək istəyir. Əslində, İsrail vaxtilə İraqda kürdlərə verilən muxtariyyətin bənzərini druzlar və kürdlərə verilməsini istəyir. Prinsip də, proses də ona doğru gedir. Xüsusilə kürd məsələsi həm də ABŞ-ın maraqlarına uyğun olduğu üçün Vaşinqton bunu dəstəkləyəcək.

Burada “druz kartı” çoxları üçün yeni ola bilər. Druzlar şiəliyin ismailiyyə qolundan çıxan və Fatimi xəlifələrindən olan əl-Həkim bi Əmrillahın vəziri Həmzə ibn Əlinin əsasını qoyduğu təriqətdir. Druzlara mənsub olanlar əl-Hakim bi-Amrillahın ilahiliyinə inanırlar. Təriqəti sistemləşdirən Həmzə ibn Əli bu məzhəbin peyğəmbəri olduğunu iddia edirdi.

Druzlar əsasən Livan, Suriya, İordaniya və İsraildə yaşayır. Xüsusilə İsraildə yaşayan druzlar təşkilatlanmağı, döyüşməyi yaxşı bacarırlar. “Hizbullah”ın da ən çox başını ağrıdan qrup məhz druz xüsusi təyinatlılarıdır. Hətta “Hizbullah”ın bir sıra strateji fiqurlarını son əməliyyatlarda druzlar sıradan çıxarıb.

Nəticə etibarilə İsrail vahid və güclü Suriya istəmir. Bunun əvəzinə bölünmüş və ya bölünməyə meyilli zəif Suriyanı arzulayır.

Turan Rzayev

MİA.AZ

Избранный
58
50
mia.az

10Источники