RU

Azərbaycanda dini vəziyyət daim diqqətdədir — ŞƏRH

 Dekabrın 10-da Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov konfransdakı çıxışında qeyd edib ki, bəzi hallarda dini amillərdən məqsədli şəkildə cəmiyyətləri parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə olunur. O bildirib ki, əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir: “Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. İndi başlıca məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdən ibarət olmalıdır. Çünki hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin çox vacib elementidir”, - deyə komitə sədri vurğulayıb.

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, bəzi xarici güclər məqsədli şəkildə ölkəmizdə dini radikalizm, xurafatçılıq, ekstremizmə cəhd edirlər. O, Demokrat.az-a açıqlamasında bildirib ki, bu qüvvələr əlaltıları, agentləri vasitəsi ilə ölkədə təxribatlar yaratmaq, məzhəbçilik, dini ayrıseçkilik, yaymaq planları qururlar:

“Şübhəsiz ki, belə əməllərin əsla dinlə rabitəsi yoxdur. Sadəcə elələri insanların dinə olan xüsusi həssaslıqlarından sui-istifadə edərək onları istismar edirlər. Dinin motivini dəyişmək, dini olduğu mötədil formadan başqa cürə təqdim etmək, ənənəvi dəyərləri təhrif etmək tamamilə yolverilməzdir. Buna imkan vermək olmaz. Hər bir halda Azərbaycan Respublikasının Konstitusiyasına, dünyəvi qanunlarımıza zidd olan istənilən cəhd, tərpəniş, təbliğat dərhal nəzarətə götürülüb güc qurumları tərəfindən zərərsizləşdirilməlidir”.

Ekspert diqqətə çatdırıb ki, maarifləndirmə və dini təhsil Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun sayəsində dövlətçiliyə, qanunlara müvafiq şəkildə aparılır: 

“Bunu inkişaf etdirmək lazımdır ki, təhsil bəhanəsi ilə xaricə dini bağlılıq azalsın. Əsas problem dini təhsil adı ilə xarici ölkələrdə yetişib dindar, ilahiyyatçı cildində gələnlərdən yaranır. Məzhəbçilik, radikalizm, xurafat əsasən cənub qonşumuzun təsiri ilə cücərir. Vaxtilə dini təhsil adı altında orada yetişdirilib xüsusi təlim almış şəxslər bəzi vaxtlarda din xadimi kimi təyinat da alırdı. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu hallarla ciddi mübarizə aparır və yerli dini təhsil tam təmin olunur. Azərbaycan İlahiyyat İnstitutu müsəlman ölkələrindəki dini təhsil sistemlərinə örnək olacaq səviyyədə formalaşır. Çünki ən əsası orada məzhəbçilik yoxdur. Məzhəb üstü ali dini təhsil verilir. Dinlər obyektiv şəkildə tədris olunur”.

T.İrfanın fikrincə, əsas olan milli şüurda, dövlətçi, vətənpərvər din xadimi, din alimi, ilahiyyatçı yetişdirməkdir ki, bu da öz bəhrəsini verir:

“Mənfi hallarla mübarizə aparmaq üçün dinin yanlış istiqamətə yön almasının qarşısını almaq yaxud dindən dövlətin, millətin əleyhinə, tarixi, milli, mənəvi dəyərlərin əksinə silah qismində istifadə an qatı cinayət sayılmalıdır. Xalqın həmrəyliyini pozmaq, cəmiyyətdə çoxtirəlik yaratmaq hallarına xidmət edənlər şübhəsiz ki, dini təmsil edə bilməz. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri cənab Ramin Məmmədovun bu istiqamətdə fəaliyyətini qiymətləndirir və çıxışında vurğuladığı məsələnin də zəruri olduğunu bildirirəm. Belə həssas və vacib mövzuları diqqətdən qaçırmayan komitə sədri dini vəziyyətin daimi diqqətdə olduğunu bir daha göstərmiş olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun, İlahiyyat Kollecinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti, aparılan dövlət siyasəti din və dövlət münasibətlərinin yüksək inkişafına böyük töhfələr verir. İnsanların sağlam dini təbliğat nəticəsində düzgün maarifləndirilməsi din sahəsindəki bəzi boşluqları doldurur  və mənfi halların aradan qalxmasına səbəb olur. Eyni zamanda ictimai təşkilatların, mədəni qurumların da mənəvi borcudur ki, mənəvi dəyərlərimizə təhdid yaradan istənilən səylərə qarşı mübarizə aparsın”.

Törə Zeynallı
Demokrat.az

Избранный
30
2
demokrat.az

3Источники