RU

“Araşdırmanın nə qədər çəkəcəyini deyə bilmərəm” – AFFA-nın nümayəndəsi iki futbolçunun taleyi haqda

Adil Nağıyevlə Georgi Kantariyanın “Şamaxı”dan ayrılması ətrafında həyəcan davam edir. Onların danışılmış oyunlarda iştirakı ilə bağlı iddialar var.

Klubun futbolçularla şübhəli sağollaşması, xidmətlərinə görə təşəkkür etməməsi də gözdən yayınmadı. Nağıyev saytımıza açıqlamasında iddianı təkzib etdi. Kantariya isə başqa sayta hazırda Gürcüstanda olduğunu bildirib. Görünür, məsələ hüquq-mühafizə orqanları səviyyəsində yox, hələ ki AFFA-nın divarları arasında müzakirə olunur. “Football-plus.az” məsələ ilə bağlı çempionatın təşkilatçısı PFL-ə müraciət etsə də, qurum bizi AFFA-nın Oyunların Toxunulmazlığı Komissiyasına yönəltdi.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə bir neçə sual ünvanladıq.

- “Şamaxı” iki futbolçusu ilə yolları ayıraraq səbəbi sonra açıqlayacağını bildirib. Bu iki futbolçunun mövsümün bu çağında qovulmasının danışılmış oyunlarda iştirakla bağlı olduğu deyilir. Bu mövzuda söz-söhbətdən xəbərdarsızmı?
- Sözügedən məsələ diqqətimizdədi. İctimaiyyətə bu haqda ətraflı araşdırmalar aparılandan sonra məlumat veriləcək.

- Ümumiyyətlə, sizə bu məsələ ilə bağlı hansısa siqnallar daxil olub?
- Ümumi araşdırılma aparılandan sonra ətraflı məlumat veriləcək.

- Klub bu məsələdə AFFA ilə əməkdaşlıq etməkdə maraqlıdımı?
- Tam araşdırılma aparılandan sonra ictimaiyyətə məlumat veriləcək. Mövzu diqqətimizdədi.

- Bu araşdırma ilin sonuna bitər, yoxsa daha uzun müddət gözləmək lazımdı?
- Araşdırmalar cürbəcür olur. Onun nəticəsinin hasil olması da bundan asılıdı. Durub gələcəyin proqnozunu versəm, qeyri-peşəkar yaşnaşma olar. Nə qədər çəkəcəyini, hansı müddətdə olacağını indidən deyə bilmərəm.

- Araşdırmanın hansısa mərhələsində hüquq-mühafizə orqanlarının bu işə qoşulması mümkündürmü?
- Tam araşdırma aparıldıqdan sonra ictimaiyyətə xəbər veriləcək.

RÖYANƏ OĞUZ

Избранный
34
football-plus.az

1Источники