RU

Ermənistanın Bəşər Əsəd sevgisi – Suriyada baş verənlər erməniləri niyə narahat edir? – Şərh

Bəşər Əsəd rejiminin süquta uğraması son günlərin ən çox müzakirə mövzusudur.  Dünyanın aparıcı media orqanlarının təhlil etdiyi Əsəd rejiminin sona çatma mərhələsi haqqında jurnalistlər, politoloqlar  müxtəlif versiyalar səsləndirir, Suriyanın gələcəyi ilə bağlı proqnozlar verirlər. Eyni zamanda,  yekdilliklə İran və Rusiyanın bölgədəki məğlubiyyəti də önə çəkilir.  Amma hadisələr göstərir ki, Ermənistan da özünü uduzanlar arasında hiss edir. Əsədin devrilməsinin Ermənistanda narahatlıqla qarşılanmasının arxasında ciddi məqamlar var. Əslində bütün zamanlarda Ermənistana dəstək verən Bəşər Əsəd daim ermənilərin hamisi kimi çıxış edib.

Ermənistan mətbuatını izləyəndə onların Əsədə olan rəğbətlərini dərhal sezmək mümkündür. Bunu Ermənistana məzsus “Teleqram” kanallarının yazdıqlarından daha açıq görmək mümkündür.  Suriyada Əsəd rejiminin  gözlənilməz çöküşü Ermənistanda az qala faciə kimi qarşılanıb. Paşinyan yönümlü səhifələr Əsədyönlü isterikaya varmaqla bir daha faşist mahiyyətlərini ortaya qoyub. Məşhur “İnfoteka 24” kanalı bu məzmunda geniş yazı dərc edib. Həmin materallarda guya Suriyada özbəklər, taciklər, çeçenlər və digər müsəlman xalqlarının mənsubları  terrorçu kimi qələmə verilir. Hətta Suriyanın etnik tərkibinə toxunan ermənilər   “Suriya müxalifətinin milli komponenti  sual altındadır”, adlı məqalə də yazıblar.  Bununla da  erməni hökumətyönlü resurslarının özbəkləri, tacikləri, çeçenləri terrorçu kimi göstərməsində  təəccüblü  heç nə yoxdur. Ermənistan cəmiyyətinin və dövlətinin millətçilik, anti-islam mahiyyəti bir daha özünü sübut edir. Bu mənada Ermənistandakı  hökumətyönlü “Teleqram” kanalları daha çox canfəşanlıq edir. Ermənilər yaxşı anlayırlar ki, Suriyadakı rejim dəyişikliyindən həm dövlət olaraq Ermənistan, həm də erməni icması itirib.

2011-ci ildə Suriyada  müharibə başlayanda, bu ölkədə 100 minə yaxın erməni yaşayırdı. Onların 60 minə yaxını  Hələbdə, 10 minə yaxını  Dəməşqdə, 6-7 min nəfəri  Latakiyada və digər ərazilərdə məskunlaşmışdılar. Son məlumatlara  görə, hazırda Suriyada 30 minə yaxın erməni yaşayır. Bunların da əksəriyyəti Hələb sakinləridir.

Yeri gəlmişkən, Dəməşq  Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın doğulduğu şəhərdir. Onun atası  Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada ənənəvi erməni partiyalarının yerli qurumları – “Daşnaksütyun” və “Hunçakyan” fəaliyyət göstərir. Bu partiyaların üzvləri dəfələrlə türk diplomatlarına qarşı terror aktları törədiblər. Bundan əlavə, məqsəd mifik “erməni soyqırımı”nın dünyada  tanıdılmasına dəstək vermək olub. Avropanın müxtəlif şəhərlərində terror aktları dalğasının başında məhz suriyalı ermənilər  dayanıb. Və bu terrorçular  Əsədin rəhbərlik etdiyi Suriyada özlərini çox rahat hiss ediblər. Məsələn, onların Suriya parlamentinə  daxil olmaq üçün öz kvotaları var idi. İyulun 15-də Suriya parlamentinə keçirilən seçkilərdə Mariya Qabrielyan erməni icmasından vahid namizəd kimi bu kvota üzrə mandat qazanıb. Hətta “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan onu seçilməsi münasibətilə təbrik də etmişdi.

Daha bir fakt. 2022-ci ildə terrorçu “Hunçakyan” təşkilatı özünün 135 illik yubileyini qeyd etdi. Ermənistanın baş naziri Nikol Paşinyan yubiley münasibəti ilə onlara təbrik məktubu  göndərdi. Paşinyan təbrik məktubunda yazırdı ki,  “erməni kimliyinin qorunub saxlanmasında və Ermənistan-Artsax-diaspora əlaqələrinin möhkəmləndirilməsində partiyanın töhfəsi əvəzsizdir”.

 Bu, Paşinyanın növbəti sayıqlaması idi. Ermənistan 44 günlük müharibədə məğlub olandan sonra, Paşinyanın  belə təxribat xarakterli bəyanatlarını dəfələrlə eşitmişik.  Yeri gəlmişkən, ötən və bu ilin aprelində Paşinyan Suriyanın Müstəqillik Günü münasibətilə prezident Bəşər Əsədə təbrik də ünvanlamışdı. Və dərhal Ermənistan hərbçilərinin Hələbdəki xidmətləri yada düşür. 2019-cu ildə Suriyada Ermənistanın  83 nəfərlik kontingenti xidmətə başlamışdı. Paşinyan bununla  Əsəd rejiminə xüsusi dəstək nümayiş etdirib.

Amma devrilmiş Suriya diktatoru ilə yaxın münasibətdə olan tək Paşinyan deyildi. İki gün əvvəl Ermənistanın üçüncü prezidentinin keçmiş mətbuat katibi Samvel Fərmanyan Serj Sarkisyanın Bəşər Əsədlə görüşündən bir epizodu xatırladıb. Sosial şəbəkələrdə o, 2009-cu ilin iyununda İrəvanda Ermənistan və Suriya liderlərinin söhbətindən yazıb.

O zaman Bəşər Əsəd Ankara ilə barışıqdan və Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlunun irəli sürdüyü “qonşularla sıfır problem” konsepsiyasından danışırdı. Daha sonra Sarkisyan Əsədə belə cavab verib: “Siz türkləri yaxşı tanımırsınız. Vaxt gələcək, biz nəticələrə görə hökm verəcəyik”. 2014-cü ildə Fərmanyan deputat kimi  Dəməşqdə Ermənistan parlament nümayəndə heyətinə rəhbərlik edib. O xatırladır ki, Suriyada artıq vətəndaş müharibəsi gedirdi və xaos hökm sürürdü. Ermənistandan gələn nümayəndə heyəti Əsədlə görüşüb və Suriya prezidenti görüşün sonunda etiraf edib: “İrəvandakı söhbətimizi çox yaxşı xatırlayıram. Cənab prezidentə deyin ki, o, haqlı idi, biz türkləri yaxşı tanımırdıq”. Gördüyümüz kimi, keçmiş Qarabağ separatçısı, Ermənistanın üçüncü prezidenti Sarkisyanın Əsədlə təkcə işgüzar münasibəti yox, həm də dostluq, etimad münasibətləri olub.

Onu da xatırladaq ki, 2009-cu ildə Əsədin İrəvana səfəri zamanı bütün ermənilərin katolikosu II Qaregin ona erməni kilsəsinin ali mükafatı – Müqəddəs Georgi xaçı təqdim etmişdi. Eçmiədzindən verilən açıqlamaya görə, bu mükafat Suriya prezidentinə ermənilərə, Ermənistana dəstək və iki ölkə arasında əlaqələrin inkişafına görə verilir. II Qaregin bəyan edib ki, erməni xalqı 1915-ci il hadisələri zamanı Suriyanın ermənilərə göstərdiyi tarixi dəstəyi heç vaxt unutmayacaq.

Təəccüblü deyil ki, Əsəd həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı çıxıb. Əsəd Azərbaycan və Türkiyəyə meydan oxuyaraq Kəşmir məsələsində Pakistanı deyil, Hindistanı dəstəkləyib.  O, həmçinin Qafqazdakı – Abxaziya və Cənubi Osetiyadakı separatçıları da dəstəkləyib. Qeyd edək ki, Əsədin Suriyası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxıb, Ermənistanla bağlı qətnamələrin qəbuluna mane olmağa çalışıb, qəbul edilən sənədlərə qoşulmayıb. Unutmaq lazım deyil ki, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə üzrə səsvermə zamanı Suriya və İran səsvermədən yayınıb, bununla da Ermənistanın işğalçılıq siyasətinə dəstək ifadə ediblər.

Bəşər Əsəd 44 günlük müharibə zamanı Azərbaycana qarşı dezinformasiya kampaniyasında şəxsən iştirak edib. O, iddia edirdi ki, Suriyadan olan yaraqlılar Azərbaycan tərəfində vuruşur. Bu, Azərbaycana qarşı açıq hücum idi və ölkəmizə qarşı kampaniyanın qızışdırılmasına yardım edirdi. Hələ  Azərbaycan 44 günlük müharibə zamanı özünün döyüşə hazır birləşmələrinin hamısından istifadə etməmişdi.  Əsədin Azərbaycanla bağlı mövqeyinin arxasında ermənilərə sevgisi dayanırdı. Hətta iş o yerə çatmışdı ki, diktator Azərbaycanla bağlı uydurduğu yalanları primitiv şəkildə təkrarlamaqla məşğul olub.

Vaxtilə 2019-cu ildə yaradılan və YPG yaraqlısı Nubar Ozanyanın adını daşıyan terrorçu “Nubar Ozanyan Briqadası” Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra ermənilərə dəstək bəyanatı yayıb. Suriya və Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli olan bu qrup Azərbaycanı hədələyərək, Azərbaycana qarşı sərt və barışmaz davranacağını bəyan edib. Yeri gəlmişkən, Ozanyan özü 2015-ci ilin iyulunda Suriyadakı Beynəlxalq Azadlıq Batalyonunun (IFB) aparıcı kadrlarından biri olub. O, IFB-nin üzvü olan erməni, ərəb, fələstinli, yunan, kanada, belçika və fransız xarici terrorçulara təlim keçib. 1991-1994-cü illərdə Ozanyan Qarabağda olub, Azərbaycana qarşı vuruşub.

Bu, Bəşər Əsədin Ermənistana açıq himayədarlığının göstəricisidir. Suriyadakı müharibə illərində rəsmi İrəvan və dünyadakı erməni lobbisi Əsəd rejiminə siyasi və hərbi dəstək verib. Amma bu, Əsədi xilas edə bilmədi. İndi Ermənistanda  Bəşər Əsəd rejiminin süqutu kədərlə izlənilir və dünya ermənilərində  çox böyük ümidsizlik yaranıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
22
49
konkret.az

10Источники