RU

Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan hökumətini insan hüquqları müdafiəçisi Rüfət Səfərovu, eləcə də bütün digər jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri və haqsız yerə saxlanılanları "dərhal" azad etməyə çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət Departamentində ABŞ-ın insan hüquqları üzrə nüfuzlu mükafatının təqdim edilməsi mərasimində çıxış edən Blinken deyib: "Keçən həftə - bu mərasimə gəlməkdən ötrü viza almaq üçün  ABŞ-ın Bakıdakı səfirliyinə getdikdən bir neçə saat sonra  -Rüfət təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb və o vaxtdan ilkin həbsdədir".

Yerli Defense Line hüquq-müdafiə qrupunun direktoru Səfərov bu il insan hüquqları sahəsində xidmətlərinə görə ABŞ dövlət katibinin  mükafatını  alan 8 nəfərin arasında olub. Digərləri Boliviya, Birma, Kolumbiya, Esvatini, Qana, Küveyt və Qırğızıstanı təmsil edirlər.

Bu ilin qaliblərini təqdil edən dövlət katibinin müavini Uzra Zeya Rüfət Səfərovun boş kreslosuna işarə edərək deyib ki, o, Azərbaycan hökuməti tərəfindən haqsız yerə saxlanılıb. "Biz bu həbsi qətiyyətlə pisləyirik və onun dərhal azad edilməsini tələb edirik", - o deyib.

Binken öz çıxışında Səfərovun karyerasını vurğulayaraq, xatırladıb ki, keçmiş müstəntiq Azərbaycan Baş Prokurorluğunda işləyərkən aşkar etdiyi korrupsiya və digər sui-istifadə hallarını ifşa edib, günahkarların məsuliyyətə cəlb olunacağına ümid edib. "Bunun əvəzində Rufat işini itirib", - Blinken deyib.

"Qurama məhkəmədə onu rüşvətxorluqda ittiham edərək doqquz il həbs cəzasına məhkum ediblər. Azad edildikdən sonra rüşvətxorluğu  və digər qanunsuz hərəkətləri ifşa etdikləri üçün təqib olunanlara kömək etməkdən ötrü Defense Line hüquq-müdafiə təşkilatını yaradıb.

Defense Line məhkəmə proseslərinin gedişini izləyir, həbsxanada məhbuslara baş çəkir, onların ailələrinə kömək edir, bu işlər barədə beynəlxalq birliyi məlumatlandırır", - Blinken fikrini yekunlaşdırıb.

Ötən həftə Səfərovun həbsindən sonra Azərbaycan hakimiyyəti valyuta qaçaqmalçılığı ittihamı ilə müstəqil “Meydan” TV nəşrinin 6 jurnalistini, həmçinin siyasi analitik Azər Qasımlını həbs edib.

Mərasim zamanı Rüfətin işini lazımınca qiymətləndirən Blinken digər laureatı,  son vaxtlara qədər ABŞ-ın Bakıdakı səfirliyində insan hüquqları üzrə əməkdaş olmuş Brett Dvorakı təqdim edib.

"Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyətinin digər nümayəndələri saxlanmalara, təhdidlərə, təqiblərə məruz qalanda onlar bilirdilər ki, siz onların tərəfində olacaqsınız", - Blinken Dvoraka deyib. "Bunun onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Bu gün mən şadam ki, siz bunun Dövlət Departamenti və ölkəniz üçün nə qədər əhəmiyyətli olduğunu eşidə bilirsiniz. Sağ olun..”

Dvorak 2024-cü ildə insan hüquqları və demokratiya sahəsində nailiyyətlərə görə Dövlət Departamentinin mükafatını alıb.

Həm Blinken, həm də Zeya, insan hüquqlarını pozanları məsuliyyətə cəlb etməyə imkan verəcək hesabatlılıq alətləri haqqında da danışıblar.

"Biz davranışımızı dəyişmək və potensial pozucuların qabağını almaq üçün qarşımıza strateji məqsəd qoyaraq alətlərimizi genişləndirdik", - Zeya deyib. "İnsan hüquqlarını pozanlara kommersiya casus proqram təminatını göndərənləri məsuliyyətə cəlb etmək üçün Ticarət və Maliyyə nazirlikləri ilə sıx əməkdaşlıq sayəsində ixrac nəzarətindən və sanksiyalardan istifadə etdik", - o əlavə edib.

Həmçinin çərşənbə axşamı Dövlət Departamenti elan edib ki, bütün dünyada insanları haqsız olaraq azadlıqdan məhrum edənlərə qarşı yeni sanksiyalar müəyyən edir.

Избранный
39
turan.az

1Источники