2024-cü ilin 9 ayı üzrə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard ABŞ dolları kəsir, qeyri neft-qaz sektoru üzrə isə 600 milyon ABŞ dolları profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 17.2% azalaraq 2 milyard ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.8 milyard ABŞ dolları olub. Bunun 67%-i 3.9 milyard ABŞ dolları olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.8 milyard ABŞ dolları) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.6 milyard ABŞ dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (300 milyon ABŞ dolları xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (400 milyon ABŞ dolları və digər ödənişlər (400 milyon ABŞ dolları) təşkil edib.