Bu gün Rusiya Federasiyasının Dövlət Duması rus məktəblərinə əcnəbi şagirdlərin qəbulu ilə bağlı qanun layihəsini təsdiqləməyə çalışacaq.
Musavat.com nq.ru saytına istinadla xəbər verir ki, qanun layihəsi qəbul edilsə, miqrant valideynlər Rusiyada qalmalarının qanuniliyini təsdiq etdikdən sonra övladları rus dilində testdən keçiriləcək.
Hökumətdən və Prezident Administrasiyasından iradlar olmasına baxmayaraq, dünən deputatlar bu konsepsiyanı birinci oxunuşda yekdilliklə dəstəkləyiblər. Dövlət Dumasının spikeri problemin araşdırılması ilə bağlı dövlət başçısının göstərişlərinə istinad edib.
Qanunvericilik və icraedici hakimiyyətlər arasında münasibətlərin kəskinləşməsinin səbəbkarı Dövlət Dumasının sədr müavini İrina Yarovaya (“Vahid Rusiya”) olub.
O, palatanın miqrasiya problemləri üzrə xüsusi komissiyasına rəhbərlik edir və dəfələrlə hökuməti müvafiq sahədəki nöqsanlara görə açıq şəkildə qınayıb.
Dünəki iclasda isə o, Rusiya Federasiyasına gələn miqrantların uyğunlaşması və inteqrasiyası, eləcə də dünyada rus dilinin cəlbediciliyinin artırılması üçün büdcə xərclərinin səmərəliliyinin az olmasını tənqid edib. Yarovayanın sözlərinə görə, bu, miqrant uşaqlarla bağlı problemlərin “mümkün olan ən xeyirxah” həllini təmsil edir.
Ancaq bu qanun layihəsinin olduğu kimi qəbul ediləcəyi təqdirdə məktəblərə buraxılmayan miqrant uşaqların taleyi necə olacağı bilinmir. Onlra harada, necə oxuyacaqlar, aydın deyil.
Ekspertlər bildirirlər ki, bu halda Rusiya cəmiyyətinə normal inteqrasiya olunmayan marginal təbəqə yaranacaq və cəmiyyətdən dışlanmış uşaqlar, yeniyetmələr radikal islamçıların şikarına çevriləcək.
Musavat.com