RU

Cari əməliyyatlarda profisit 2,72 milyard dollar AZALDI - SƏBƏB

2024-cü ilin yanvar-sentyabr aylarını əhatə edən 9 ay ərzində Azərbaycanın cari əməliyyatlar balansında müsbət fərqin xeyli azalması müşahidə edilib.

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, cari əməliyyatlar balansının profisiti 2023-cü ilin ilk 9 ayında 6,674 milyard dollar olmuşdu. Bu ilin eyni dövründə 3,953 milyard dollara qədər azalıb.

 

Müqayisə göstərir ki, cari əməliyyatlar balansında profisitin məbləğində 2,72 milyard dollar və ya 41 faiz azalma qeydə alınıb. Profisitin azalmasının əsas səbəbi xarici ticarətdə müsbət fərqin 30 faiz kiçilməsi ilə bağlıdır.

 

Əvvəlki ilin 9 ayında xarici ticarətdə 10 milyard dollara yaxın müsbət fərq yarandığı halda, bu il müsbət fərq 7 milyard dollara düşüb. Cari əməliyyatlar balansında pisləşməyə təkrar gəlirlər balansında müsbət fərqin azalması da təsir edib. Burada müsbət fərq 835 milyon dollardan 491 milyon dollara qədər geriləyib.

 

Adıçəkilən iki istiqamətdən fərqli olaraq xidmətlər balansında və ilkin gəlirlər balansında dinamika müsbətə doğru olub. Xidmətlər balansında kəsir 1,75 milyard dollardan 1,56 milyard dollara, ilkin gəlirlər balansında isə kəsir 2,39 milyard dollardan 1,98 milyard dollara qədər kiçilib.

 

Bu iki sahədə müsbət dəyişikliyə baxmayaraq, həm xarici ticarət əməliyyatlarında, həm də təkrar gəlirlər balansında müsbət fəqrin kiçilməsi ümumən cari əməliyyatlardakı profisitin kiçilməsinə səbəb olub.

 

Vasif

 

 

Избранный
56
1
sfera.az

2Источники