UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəsiqəni təmin edən ilk komanda müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, İngiltərənin "Liverpul" klubudur. Arne Slotun rəhbərlik etdiyi kollektiv dünən səfərdə "Jirona"nı (İspaniya) 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bununla da ingilislər keçirdiyi 6-cı oyunu da qələbə ilə başa vuraraq xalını 18-ə yüksəldib. Onlar ən pis halda pley-off mərhələsində oynamaq hüququ qazanıb. Lakin komandanın 1/8 finala birbaşa yüksəlmək şansı daha çoxur.
Qeyd edək ki, hazırda "Liverpul" 36 komanda arasında vahid liderdir. Onlar bütün matçlarında qələbə qazanıblar.
ÇL-i tərk edəcək ilk komanda isə keçirdiyi bütün 6 matçında hamısında uduzan "Leyptsiq" (Almaniya) olub.
Xatırladaq ki, avrokuboklarda yeni formatda keçirilən Liqa mərhələsi bu mövsümdən başlayıb. ÇL-də 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.