Ağ Ev Suriya Prezidenti Bəşər Əsəd rejimini devirmiş üsyançılarla ilk təmaslarını qurub və onları inklüziv keçid hökumətinin yaradılmasına çağırıb.
Hurriyyet.az xəbər verir ki, ABŞ üsyançılara hakimiyyəti rəsmi proses olmadan avtomatik şəkildə ələ keçirməmələri və daha təmsilçi bir keçid hökuməti yaratmaları üçün çağırış edib.
Əlaqələr "Hayat Təhrir əş-Şam" qrupu ilə qurulub. Bu qrup əvvəlcə Əl-Qaidə ilə əlaqəli olub və ABŞ-ın terror siyahısına daxil edilib. Təmaslar ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri, xüsusən Türkiyə ilə koordinasiya şəklində həyata keçirilib.
Ağ Ev bu məsələdə eyni zamanda ABŞ-ın keçmiş Prezidenti Donald Trampın komandasına da məlumat verib.
Vaşinqtonun məqsədi Suriyada müxtəlif maraq qrupları ilə əlaqə saxlamaq və Əsəd rejiminin süqutundan sonra xaosun qarşısını almaqdır.
ABŞ üsyançılara mesajı birbaşa və ya vasitəçilər aracılığı ilə çatdırıb.
ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ yalnız müəyyən şərtlər daxilində Suriyada yeni hakimiyyəti tanıyıb dəstəkləyə bilər.
ABŞ Konqresindən bəzi üzvlər üsyançılara qarşı tətbiq olunan sanksiyaların müəyyən şərtlərlə qaldırılmasını tələb ediblər.
ABŞ-ın rəsmi nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar Suriyanın şimal-şərqində İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədirlər. Məqsəd hakimiyyət boşluğunda bu qruplaşmanın güclənməsinin qarşısını almaqdır.
Vaşinqton, eyni zamanda, İranın dəstəklədiyi qruplaşmaların Suriyada təsirini artırmasının qarşısını almaq istəyir.
Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı vəziyyət 19 dekabr tarixində keçiriləcək Aİ liderlərinin sammitində müzakirə olunacaq.
13 dekabrda isə G7 liderlərinin virtual sammitində Suriya ilə bağlı vəziyyət nəzərdən keçiriləcək./qaynarinfo.az/