RU

İranlı nazirin şok Əsəd və Suriya etirafları 

İran xarici işlər naziri Abbas Araqçi Suriyada baş verən son hadisələr və Əsəd rejiminin süqutu ilə bağlı çox maraqlı açıqlamalar verib.

Ölkə.Az xəbər verir ki, iranlı nazirin sözlərinə görə, Suriya ordusunun başlayan bu hərəkata qarşı çıxa bilməməsi, nəinki Əsədi, bütövlükdə hamını təəccübləndirdi.

“Doha sammitində olarkən regionun mühüm ölkələri olan Səudiyyə Ərəbistanı, İraq, Misir və İordaniyanın xarici işlər nazirləri orada iştirak edirdi və onlarla birgə görüş keçirdik. Orada hər kəsin sualı Suriya ordusunun niyə bu qədər tez geri çəkildiyi və müqavimətinin niyə bu qədər qısa olması idi və inkişafın bu sürəti hamını təəccübləndirmişdi.

Bəşər Əsədin özü də mən və Laricani ilə görüşündə təəccübləndi və öz ordusunun davranışından şikayətləndi. Aydın oldu ki, hərbi əməliyyatların düzgün təhlili aparılmayıb. Bu səbəbdən də psixoloji  cəhətdən əsir düşmüş vəziyyətdə qaldılar".

İranlı nazir əlavə edib ki, Qəzza və Livanda baş verən hadisələrin ardınca bu hərəkatların davam etməsi təbii idi: "Məlumat baxımından öz ölkəmizin və Suriyadakı təhlükəsizlik informasiya sistemlərindəki dostlarımız İdlibdəki hərəkatlardan tam xəbərdar idilər. Bununla bağlı məlumatlar Suriya hökumətinə və ordusuna ötürülüb", - Araqçı qeyd edib.

İranlı nazir onu da əminliklə qeyd edib ki, Suriya ordusu zamanında müqavimət göstərə bilsəydi heç Hələb də “yıxılmazdı”.

Tehran-Dəməşq münasibətlərindən danışan nazir Araqçi bildirib ki, İran və Suriyanın qırx illik əlaqələri üç fərqli sahədə olub:

"Birincisi, fələstinliləri müdafiə etmək üçün bir müqaviməti təşkil etmək, ikincisi, İŞİD-ə qarşı mübarizədə Suriyada müstəsna rol oynadı. İŞİD-ə qarşı mübarizədə Suriyanın və İraqın tələbi ilə İran həmin ölkələrə qoşun göndərib. Bu eyni zamanda öz təhlükəsizliyimizi təmin etmək üçün idi. Əgər biz İraq və Suriyada İŞİD-lə döyüşməsəydik, o zaman onlarla İranda döyüşməli olardıq. Ona görə də ərazimizdən kənarda İŞİD-lə vuruşmalı olduq ki, ölkəmizdə ən az təhlükə ilə üzləşə bilək. 
İŞİD məğlub olandan sonra Suriya hökumətinin tələbi ilə oraya gedən qüvvələrimiz Suriya hökumətinin tələbi ilə yenidən geri çəkildi. Lakin bununla belə, orada məsləhətçi vəzifəsində bəzi qüvvələrimiz Suriyada mövcud idi. 

Üçüncü istiqamət isə Əsəd rejimi ilə müxaliflər arasındakı ixtilafları aradan qaldırmaq üçün dialoqun təşkil edilməsi olub və bu istiqamətdə əməkdaşlıq etmişik".

Astana prosesindən danışan Araqçi bildirib ki, üç qarant ölkə olan Rusiya, Türkiyə və İranın işi Suriyada sülhün yaranması üçün müxalifətlə siyasi dialoqun qurulmasına, siyasi islahatların aparılmasına, lazım gələrsə, konstitusiyaya dəyişikliklərə kömək etmək idi: "Son 10 ildə bu istiqamətdə yavaş-yavaş irəlilədik. Lakin danışıqlar istənilən nəticəsini vermədi".

İranlı nazir son hadisələr zamanı Dəməşqdə Bəşər Əsədlə görüşündəki daha bir maraqlı detala diqqəti çəkərək deyib ki, Dəməşqdə real vəziyyəti öyrənmək üçün adi insanların yemək yediyi bir restorana gedib. "Çünki sonda əsas məsələ xalqın mövqeyidir. Əsədə qarşı başlanan hərəkat Suriya xalqı tərəfindən müsbət qarşılanan bir hərəkət idi".

İranlı nazir bildirib ki, onları indi narahat edən məsələ bundan sonra Suriyada məzhəb, yaxud vətəndaş müharibəsinin olması və ya tamamilə parçalanaraq terrorçuların mərkəzinə çevrilməsidir.

Suriyanın gələcəyi ilə bağlı mövqeyini açıqlayan nazir deyib ki, Suriya xalqının iradəsinin qalib gəlməsini istəyir: "Amma güman edirəm ki, bu, asan yol olmayacaq. Region ölkələri arasında maraqların toqquşması isə sülhün yaranmasına çətin ki, imkan versin".

Lakin bununla belə, nazir deyib ki, Suriyada diplomatik və dini yerlərin təhlükəsizliyini təmin etmək üçün məsləhətləşmələr davam edir:

"Biz gözləyirik ki, Suriyada necə bir hökumət qurulacaq. O höküməti tanıyacağımız nöqtəyə çatsaq,o  zaman diplomatik münasibətlər qurulacaq. Öz səfirliyimizlə bağlı Suriyadakı müxtəlif tərəflərlə Dəməşqdəki səfirliyimizin və Hələbdəki konsulluğumuzun təhlükəsizliyi, eləcə də Həzrəti Zeynəbin və Həzrəti Ruqyənin müqəddəs hərəmlərinin təhlükəsizliyi ilə bağlı danışırıq. Onların qorunub saxlanılmasına təminat verilir. Bunun nəticəsidir ki, Hələbdə konsulluqdakından başqa, Dəməşqdə səfirliyimizə qarşı hər hansı pis hərəkət olmadı. Bizim üçün müqəddəs yerlər daha önəmlidir və ziyarətgahlara qarşı hörmətsizlik olmadı. Bütün bu və digər məsələlərlə bağlı adlarını çəkməyəcəyim müxtəlif partiyalarla əlaqə saxlayırıq".
ABŞ-İran münasibətlərinə toxunan nazir deyib ki, İran və Amerika arasında mesaj mübadiləsi qəribə deyil və həmişə İsveçrə səfirliyinin kanalı vasitəsilə olub: "Söhbət təkcə Suriya məsələsindən getmir, anlaşılmazlıqların qarşısını almaq üçün müxtəlif mövzularda mesajlar mübadiləsi aparılır".

Mürtəza
Ölkə.Az

Избранный
60
50
olke.az

10Источники