RU

AXCP son həbslərlə bağlı bəyanat yaydı

"Siyasi məhbusların sayı bir həftədə 319 nəfərdən 328 nəfərə çatıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycanda son siyasi həbslərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti COP29-dan dərhal sonra ölkədə yeni repressiya dalğası başladıb. Dekabrın 3-dən 10-dək daha 9 nəfər – hüquq müdafiəçisi Rüfət Səfərov, Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və Ramin Deko, başqa bir jurnalist Ülvi Tahirov və müstəqil siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı müxtəlif qondarma ittihamlarla həbs ediliblər. Artıq onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlardan əlavə, eyni vaxtda jurnalist-fotoqraf Əhməd Muxtar da saxlanılaraq, qurama ittihamla 20 sutka inzibati həbsə məhkum edilib.

Dekabrın 10-da isə AXCP Daşkəsən şöbəsinin sədri, bu ilin mart ayında narkotik ittihamı ilə şərlənərək həbs edilən Sahib Məmmədzadə barəsində məhkəmə 6 il 6 ay müddətinə həbs hökmü çıxarıb: "Beləliklə, hazırda ölkədə uzun müddətə həbs edilmiş siyasi məhbusların sayı bir həftənin içində artaraq 319 nəfərdən 328 nəfərə çatıb. AXCP bildirir ki, bu həbslər İlham Əliyev hakimiyyətinin illərdir ölkədə apardığı demokratik təsisatları və potensialı tamamilə məhv etmək siyasətinin tərkib hissəsidir. Məqsəd yenə də söz və fikir azadlığına, insan haqlarını müdafiə işinə, müxalif siyasi təşəbbüslərə zərbə vurmaqdır”.

AXCP-nin bəyanatında deyilir ki, hakimiyyət ölkədə müstəqil medianın, hüquq müdafiəçiliyinin və siyasi fəaliyyət imkanlarının son qalıqlarını da aradan qaldırmaq istəyir: "Bu mənada AXCP sədri Əli Kərimli üzərində bu ilin avqustundan dekabrına qədər davam etmiş və onun 1500 manat cərimələnməsi haqda qərarla başa çatmış sifarişli məhkəmə işi də yeni repressiya dalğasına daxildir. Yeri gəlmişkən, Əli Kərimliyə qarşı məhkəmə proseslərində ona dəstək məqsədilə məhkəmə binası önünə toplaşan AXCP fəalları və tərəfdarları da təzyiqlərə məruz qalıb. Dekabrın 2-də keçirilən son proses zamanı isə binanın önündə toplaşanlara aşırı polis zorakılığı göstərilib, onlardan bir çoxu saxlanılıb və iki nəfərə 30 və 15 sutka olmaqla, inzibati həbs, dörd nəfərə isə hər birinə 200 manat olmaqla, cərimə cəzası verilib”.

Qeyd olunur ki, saxlanılan şəxslər polislər tərəfindən qəddarlıqla döyülüb: "Məhkəmə öncəsi də AXCP-nin iki fəalı 15 və 25 sutka olmaqla, inzibati həbs, bir fəal isə 50 manat cərimə cəzasına məhkum edilib. AXCP beynəlxalq birliyi, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hökumətlərini Azərbaycanda müstəqil medianın, vətəndaş cəmiyyətinin və siyasi müxalifətçiliyin tamamilə məhv edilməsinə seyrçi qalmamağa, baş verənlərə adekvat şəkildə etirazlarını bildirməyə, artıq totalitarizmə keçid edən İlham Əliyev hakimiyyətini durdurmaq üçün ünvanlı sanksiyalar da daxil, ciddi və sərt tədbirlər görməyə çağırır”.

"AXCP özünə olan bütün təqib və təzyiqlərə baxmayaraq, İlham Əliyevin ölkədə totalitar rejim qurmaq, ailə hakimiyyətini əbədi etmək planlarına qarşı indiyə qədər olduğu kimi, bundan sonra da var gücü ilə mübarizə aparacağını, özünün prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan edərək, xalqımızı bu mübarizədə ona daha kütləviliklə dəstək olmağa çağırır. Xalqımız bilməlidir ki, nəhayət, özünün və ölkəmizin taleyinə sahib çıxmasının zamanıdır. İlham Əliyevin bütövlükdə xalqımızı hüquqsuz vəziyyətə salan, ləyaqətli yaşam imkanlarından tamamilə məhrum edən, ölkədə sülalə hökmranlığı yaratmağa yönələn addımlarına hamılıqla, dinc və ardıcıl etirazımızı bildirməliyik”.

"Meydan TV işi” 2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Digər saxlanılan şəxs, Meydan TV əməkdaşı olmayan ancaq onlarla eyni gündə saxlanılan vətəndaş cəmiyyətinin üzvü, media işçisi Ülvi Tahirov barəsində də məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.  

Dekabrın 6-da həbs edilən foto jurnalist Əhməd Muxtar isə xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinib. 

Ona 20 sutka həbs verilib.

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır. 

2023-cü ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist (AbzasMedia), ("Toplum TV”), ("Kanal13”) "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.  

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Избранный
48
50
arqument.az

10Источники