RU

Qətərin “Neft Fondu”nun aktivləri 1 trilyon dollara çatacaq

Qətərin suveren gəlirlər fondunun - Qatar Investment Authority-nin (QIA) aktivləri maye qaz(LNG) satışından əldə olunan gəlirlər sayəsində beş il ərzində ikiqat artaraq 1 trilyon dollara çata bilər.

Musavat.com xəbər verir ki, bu məlumatı Financial Times-a fondun rəhbəri Mohammed al-Sovaidi açıqlayıb.

Dünyanın aparıcı LNG ixracatçılarından və adambaşına düşən gəlir üzrə ən zəngin ölkələrdən biri olan Qətər “North Field” qaz yatağında illik istehsal gücünü 2027-ci ilə qədər indiki 77 milyon tondan 126 milyon tona çatdırmaq üçün təxminən 30 milyard dollar sərmayə qoyub.
Fevral ayında dövlətə məxsus QatarEnergy onilliyin sonuna qədər istehsal gücünü cari səviyyələrdən demək olar ki, 85 faiz artıracaq əlavə genişləndirmə planlarını açıqlayıb.

Gələn ilin sonunda fəaliyyətə başlayacaq QatarEnergy və ExxonMobil-in birgə müəssisəsi olan Golden Pass tərəfindən hər il daha 16-18 milyon ton LNG bazara tədarük ediləcək.

Beynəlxalq Valyuta Fondu iki il əvvəl “North Field”də potensialın genişləndirilməsi nəticəsində Qətərin 2027-ci ilə qədər real ÜDM artımını 5,7 faiz qiymətləndirmişdi.

QİA LNG satışından əldə edilən gəlirin əsas alıcısı olacaq. Artan gəlirləri idarə etmək üçün fond 2018-ci ildən bəri işçi sayını hər il artıraraq 700-dən çox insana çatdırıb.

Əl-Sovaidinin sözlərinə görə, Fond investisiyalarını sürətlə artıracaq. Yatırım bazarları arasında QIA, son on il ərzində investisiyaları əhəmiyyətli dərəcədə artırdığı ABŞ, eləcə də Böyük Britaniya və Asiyaya üstünlük verəcək. Sektorlar arasında fond, texnologiyalar, süni intellekt (AI), səhiyyə, daşınmaz əmlak və infrastruktura diqqət ayırıb.

Əl-Sovaidi bildirib ki, QIA İlon Maskın bir sıra layihələrində investor olaraq qalır.

Qətər fondunun portfelinə həmçinin London univermağı Harrods, Heathrow Airport, Alman avtomobil istehsalçısı Volkswagen və İspaniyanın enerji şirkəti Iberdrol-a investisiyalar daxildir.

Musavat.com

Избранный
52
50
musavat.com

10Источники