RU

Putinin ideoloqu Türkiyəyə qarşı - Kreml Duqinin ağzı ilə danışır, yoxsa... 

Rus filosof Ankaranın Suriya inqilabındakı roluna görə Moskvanın “içinin göynədiyini” nümayiş etdirdi; Qabil Hüseynli: “Ərdoğan strateji səhv etməyib, Rusiya strateji məğlubiyyətə uğrayıb”

Hər zaman türk-rus birliyi ideyaları ilə çıxış edən, avrasiyaçılıq ideyasını təbliğ edən, Türkiyə ilə əməkdaşlığı təbliğ edən rusiyalı filosof, ideoloq Aleksandr Duqin bu dəfə təəssüf doğuran açıqlama verib. 

“Biz indiyə qədər Ərdoğanı dəstəklədik. 2015-ci ildə Türkiyə ilə gərginliyin qarşısını almağa çalışdıq və FETO çevrilişi zamanı Ərdoğana çox kömək etdik. Suriya məsələsi bizim üçün çox ağrılıdır. Düşünürəm ki, bu, Ərdoğan üçün strateji səhv idi. Kamalist ideyası Türkiyəni öz sərhədləri daxilində müdafiə etmək idi”, - deyə Duqin vurğulayıb. Onun sözlərinə görə, islamçılıq Türkiyənin düşmənidir: “Ərəb bölgəsi Türkiyə rəhbərliyi ilə heç vaxt razılaşmayacaq. Suriyadakı kürdlər Qərbin dəstəyi ilə güclərini möhkəmləndirməyə çalışacaqlar. Suriyada ruslar olmadan Ərdoğan çox əhəmiyyətli müttəfiqini və dostunu itirir. Rusiya ilə Türkiyə arasında çoxlu əlaqələr var. Onun davranışı açıq şəkildə İsrailin və o zamankı qlobalistlərin xeyrinədir. Bu, kədərlidir. Rusiya Qərbin təqdim etmək istədiyi qədər zəif deyil. Mən hesab edirəm ki, bu, Ərdoğan tərəfində səhv hesablama idi”.

Putinin

Rusiyanın danışan dillərindən olan Duqin niyə belə çıxış etdi? O, Kremlin son duruma dair mövqeyini açıqladı, yoxsa şəxsi düşüncəsidir? Onun giley-güzarından belə hiss olunur ki, Türkiyə Suriyada Rusiyanı fakt qarşısında qoyub. Yəni rusların qoruduğu Əsəd rejimini Türkiyənin dəstəklədiyi silahlı müxalifət devirdi, indi də Rusiyanın hərbi bazaları Suriyadan çıxarıla bilər və nəticə də Moskvanın ürəyincə deyil. “Etiraf etməliyik ki, Rusiyanın Suriyadakı mövqeləri sual altındadır. Ruslar onların bazalarına (Tartus və Hmeymim bazaları nəzərdə tutulur) hər hansı təhdid olmadığını iddia edirlər. Bəli, bəlkə də təhdid şəklində deyil, amma Suriyada formalaşmaqda olan yeni hökumət bazaların səlahiyyət müddətini uzatmaq istəyərmi? Biz başa düşməliyik ki, bu gün Rusiya bütün Qərb dünyasına, o cümlədən Türkiyə və İsrailə qarşı mübarizə aparır”. Erməni politoloq Qagik Arutyunyan yerli mediaya açıqlamasında belə deyib. 

“Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir”. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: “Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur”. Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur: “Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır”.

Prezidentdən

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya ayrı-ayrı bölgələrdə strateji mövqelərini itirir: “Ukrayna münaqişəsi Rusiyanın hegemonluğuna, supergüc olmasına son qoymaqdadır. Bu dövlət sözəbaxan ölkəyə çevrilənə qədər onun strateji məğlubiyyəti davam etdiriləcək. Suriyada Əsəd rejiminin süqutu da Rusiyanın və İranın zəiflədiyi bir vaxtda seçildi. Rusiya Donbas bataqlığında çabalayır və "xüsusi hərbi əməliyyatı" başa çatdıra bilmir. Çünki “yeni Rusiya” elan etdiyi o dörd regiona tam nəzarət edə bilmir, Donetskin və Luqanskın inzibati sərhədlərinə çata bilməyib. Rusiyanın geosiyasi nüfuzu yerlə sürünür və Kursk əməliyyatından sonra ikinci belə zərbəni Suriyada aldı. Oradakı hərbi bazalar və gəmilər 1971-ci ildən mövcuddur. Deyə bilmərəm ki, onlar tamamilə çıxacaq, amma rus qoşunları Suriya ərazilərini tərk edir. Bu da Rusiyanın strateji məğlubiyyətinin bir hissəsidir. Ona görə Duqin kimilər yandığından, içinin göynəməsindən Türkiyə əleyhinə belə çıxışlar edirlər". 

Q.Hüseynli vurğuladı ki, rusların Liviyada da ağzı yanmışdı və türk xüsusi təyinatlıları “Vaqner”çiləri darmadağın etmişdilər: “Duqin və onun lideri türk əsgərinin qəhrəmanlığına bələddir. Liviya hadisələrində Priqojinin qoşunları türk ordusu qarşısında rüsvayçı vəziyyətə düşmüşdülər. Bunun ardınca Suriyada rusların mövqeləri sarsıdıldı. Türkiyə heç bir strateji səhvə yol verməyib. Əksinə, beynəlxalq aləmdə nüfuzunu artırmış oldu, suriyalı qaçqınları da vətənlərinə qaytarır, təhlükəsizliyi təmin edir. Avropanın etmədiyini zamanında qardaş ölkə etdi, qapılarını suriyalı köçkünlərə açdı. İndi də Əsəd zülmünə son qoyularaq qaçqınlar yuvalarına dönürlər. Rusiya isə bu prosesə tamaşa edə bilir və səsini çıxarmağa heyi qalmayıb. Duqin bilməlidir ki, Ərdoğan strateji səhvə yol verməyib, Rusiya Suriyada strateji məğlubiyyətə uğrayıb. Ümumiyyətlə, Moskvanın imici avqustdan bəri iki hadisə ilə zədələndi - Kurska ukraynalıların girməsi, hələ də orada olmaları, bir də Suriyada məğlubiyyət...”

Bununla belə, professor düşünmür ki, Ankara ilə Moskva arasında gərginlik olacaq: “Duqinin nə deməsindən asılı olmayaraq, Putin Ərdoğanla münasibətləri korlamaq niyyətində deyil. Çünki Liviya, Suriya, Qarabağ məsələləri ilə yanaşı tərəflərin Ukrayna böhranında da danışıqlar aparmasına zərurət var. Türkiyə NATO dövləti olsa da, sanksiyalara qoşulmadı və müstəqil, praqmatik siyasət yürütdü. Rusiya ilə indi heç bir böyük ölkə danışmır, yalnız Türkiyə ilə dialoq ona kömək edə bilər. Bir sözlə, Rusiya geopolitik qarşıdurmada və dünya nizamının yeni quruculuğu prosesində öz strateji yerini müəyyən etməkdədir - Ukraynada gedən müharibədə zəifləmələri səbəbindən”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
92
50
musavat.com

10Источники