RU

Diktatorun devrilməsi üçün neçə yüz min insan öldü?

Artıq neçə gündür Suriya diktatoru Bəşər Əsəd devrilib və bütün dünyanın gözü hələ də bu ölkədədir. Hər gün Əsəd rejiminin cinayətlərinə dair yeni-yeni faktlar açıqlanır.

Bir tərəfdə hakimiyyətdən devrilənlər dərin depressiya və can hövlünə qapılarkən, o biri tərəfdə uzun illər qəddar rejimin zülmündən iztirab çəkənlər, nəhayət, ağ günə çıxdıqlarını düşünərək qələbə ovqatındadırlar, hətta eyforiyaya qapılıblar.

Dünya və region gücləri Əsədsiz Suriyanın necə olacağını, ölkənin siyasi xəritəsinin necə dəyişəcəyini götür-qoy edir, BAAS partiyasının 61 illik şəriksiz hakmiyyətinə son qoyan qüvvələr isə hakimiyyəti, onun siyasi, maddi mirasını necə bölüşəcəklərini fikirləşirlər.

Söz yox, belə bir əliqanlı, rəhmsiz, tamahkar diktatorun hakimiyyətdən devrilməsi, necə olursa-olsun, irəliyə doğru addımdır. Hətta Suriyanın daxili sabitliyi bir neçə il təlatümlü olacaqsa da, BAAS və Əsəd rejiminin sona çatması ölkənin qarşısında qapı açılması deməkdir.

Ancaq baxaq, görək, bu qələbə Suriya xalqına nələrə başa gəldi.

Əminliklə demək olar ki, bu əsrdə bir diktatorun devrilməsi prosesi heç bir ölkəyə Suriyadakı qədər böyük itkilər müqabilində başa gəlməyib.

13 il davam edən vətəndaş müharibəsində ölkə param-parça, tarmar olub, böyük-böyük yaşayış məntəqələri darmadağın dağılıb, ölkə iqtisadiyyatı məhv edilib, bütün sahələrdə geriləmə, tənəzzül hökm sürüb, insanlar dərin əndişə içində, bu gündən sabaha inamı olmadan, səfalət içində yaşayıblar.

Bəs nə qədər adam həyatını itirib? Əsas məsələ budur: bir diktatorun hakimiyyətdən getməsi üçün nə qədər qurban verilib?

Bu xüsusda müxtəlif iddialar var və səslənən rəqəmlər də müxtəlifdir.

Hələ vətəndaş müharibəsinin başlanmasının üçüncü ayı tamam olanda, 2011-ci ilin iyun ayında Suriya ordusunun nümayəndəsi, general-mayor Riad Haddad Britaniyanın “Sky News” müxbirinə müsahibəsində bildirib ki, iğtişaşlar başlayandan bəri hökumətin təhlükəsizlik qüvvələri təxminən 1300 əsgər və polis itirib.
Hökumət qüvvələrinin itkisindən danışan general təpədən dırnağa qədər silahlanmış qüvvələrin əliyalın və ya yüngül silahlarla müqavimət göstərənlərin necə qırdığından bəhs etməyib.

O və hökumətin digər məsul şəxsləri yalandan bəyan edirdilər ki, guya siyasi rəhbərlik və komandanlıq ordu hissələrinə öldürmək üçün atəş açmamaq əmri verib.

Əslində isə hökumət qüvvələrinin qəddarlığı, amansızlığı son həddə idi və bunu sübut edən yüzlərlə video və şəkillər, şahid ifadələri vardı.

Məhz bu amansızlığın nəticəsiydi ki, üsyançıların əlində olan bölgələrin əhalisi hökumət qüvvələrin hücumu ilə əlaqədar olaraq yaşayış yerlərini kütləvi şəkildə tərk edir, onlara qapı açan ölkələrə, xüsusilə də Türkiyəyə sığınırdılar.

BMT-nin hesablamalarına görə, münaqişənin ilk illərində 115 min insan həlak olub, 20 milyon əhalinin 13 milyonu öz yaşayış yerini tərk edib, ya öz ölkələrində başqa əyalətlərə gedib, ya da xaricə qaçıb.

2015-ci ilin 6 sentyabrında BMT məlumat yayaraq bildirib ki, beş aylıq kütləvi etirazlar zamanı 2200-dən çox mülki insan həlak olub. Daha sonra BMT Suriyada ölü saymaqdan rəsmən imtina edib.

Göründüyü kimi, hökumət adamlarının “silahlı quldurlar” adlandırdığı şəxslər əslində əliyalın mülki insanlar olublar və kütləvi şəkildə öldürülüblər.

Ancaq silahsız mülki insanların qırğını bir yerə qədər davam edib, daha sonra onlar silahlanıblar və vətəndaş müharibəsi daha da şiddətlənib. Silahlı müxalifət qrupları, cürbəcür terrorçu təşkilatlar, öz başlarının salamatlığını qorumağa çalışan etnik qruplar, fürsətdən istifadə edərək dövlət qurmağa çalışanlar Əsəd hökumətinin qüvvələrinə bacardıqları qədər zərbə vurublar. Müharibəyə Əsəd tərəfdən vuruşan xarici qüvvələr də qatılıb. Nəticədə Suriyada sözün əsl mənasında qan su yerinə axıb.

Öldürülənlərlə yanaşı, minlərlə insan hökumət qüvvələri tərəfindən həbs edilib, daha sonra ya güllələniblər, ya işgəncə altında ölüblər, ya da uzun illər boyunca zindanlarda ən pis şəraitdə saxlanılıblar. Bu günlərdə onların azadlığa çıxan qismi zülmün sona yetdiyinə belə inana bilmirdi.

Yetkin adamlarla yanaşı, bombardmanlarda minlərlə uşaq və qadın da öldürülüb.

2015-ci ilin sonunda vətəndaş müharibəsi qurbanlarının sayı təxminən 300 min nəfərə çatıb, 4 milyondan çox insan ölkəni tərk edib.

O ildən bu günlərə qədər aradan keçən 9 ildə müharibə bütün şiddəti ilə davam edib.

Bir sözlə, bu 13 ildə Suriyada öldürülən, ağır yaralanıb şikəst edilən insanların dəqiq sayını yalnız indən belə hesablamaq mümkün olacaq və çox dəhşətli rəqəmlər meydana çıxacaq. Hələlik ölənlərin sayının 600 min olduğu deyilir.

Bütün bu faciələr yalnız ona görə baş verib ki, Suriyada hakimiyyət məsələsi qədim dövrlərdə olduğu kimi ölüm-dirim məsələsi sayılıb və bir şəxs və onun partiyası heç bir vəchlə onu əlindən vermək istəməyib.

Bu, əslində öz xalqına qarşı genosid siyasəti yeritmək deməkdir. Bəşər Əsəd 4 milyondan çox insanı ölkədən qaçaq salmaqla, yüz minlərlə insanın ölümünə, 2 milyondan artıq adamın yaralanmasına bais olmaqla xalqını qırıb-çatıb. O, hətta hakimiyyətini qorumaq üçün ölkənin yarısını qırmağa da hazır görünürdü, sadəcə, gücü çatmadı.

Vətəndaş müharibəsi budur: zor yoluyla hakimiyyətə gəlmək və varlanmaq istəyən qüvvələrlə hakimiyyətdə zorakılıqla qalmaq və varidatını qorumaq istəyənlər savaşa başlayır, hər iki tərəfdən isə qırılanlar xalqın balaları, adi adamlar olur.

Избранный
21
musavat.com

1Источники