RU

Suriya hadisələrindən hayların almalı olduğu DƏRS - TƏHLİL

Haylar açıq şəkildə bildirirlər ki, Rusiya onların gözlərinin qabağında zəifləyir, amma hələ də nəticə çıxara bilmirlər. Hətta ermənilər açıq şəkildə deyirlər ki, Suriyada üzünə tərsinə bir şillə dəyən ölkə onların müttəfiqi ola bilməz. Belə çıxır ki, haylar öz müttəfiqlərini dəyişmək niyyətinə düşüblər və dəyən şillənin onlara da aid olduğu qənaətindədirlər. Erməni cəmiyyəti elə hesab edir ki, daha Rusiyadan əlini üzməlidir və Suriyada baş verənlər onlar üçün əsl dərs hesab edilməlidir.

Görünür ki, əsl dərsin nədən ibarət olduğunu haylar qətiyyən başa düşə bilməyiblər

Suriya prezidenti Bəşər Əsədin öldüyünə də haylar yaman çox inanmaq istəyirlər. Haylar daha çox hazırda dünyanın aparıcı mediası tərəfindən fəal şəkildə yayılan məlumatlara, Bəşər Əsədi “aparan” təyyarənin qəfil hündürlüyünü, öz səviyyəsini itirməyə başlayaraq, sonra radarlardan itməsinə guya daha çox inanırlar. Onlar sanki həmin təyyarənin qəzaya uğramasına elə bil ki, son dərəcə əmindirlər. Ermənistan mediasında qeyd olunur ki, bu barədə, yəni qəza barəsində monitorinq kanalları da məlumat verir. İddia olunur ki, “FlightRadar”-ın məlumatına görə, göyərtəsində Əsədin olduğu iddia edilən SYR9218 nömrəli İl-76T təyyarəsi Əl-Suvayri yaxınlığında qəzaya uğrayıb. Bu məqamda əsasən onu vurğulamaq yerinə düşərdi ki, ancaq erməni cəmiyyəti məhz Bəşər Əsədin ölməsinə hamını inandırmağa və bundan da öz istədiyi şəkildə “istifadə etməyə” çalışır. Əsasən hadisələri özləri başa düşdükləri şəkildə olan bir dərs kimi də sırımağa çalışanlar, belə görünür ki, əsl dərsin nədən ibarət olduğunu qətiyyən başa düşə bilməyiblər.

Diqqətə çatdıraq ki, bundan əvvəl “Reuters” agentliyi Bəşər Əsədin Dəməşqi naməlum istiqamətdə tərk etdiyini bildirmişdi. Nəşr bu barədə iki yüksək rütbəli suriyalı zabitə istinadən məlumat da yayıb. Həmçinin hakimiyyətin bütün nümayəndələrinin Dəməşq Beynəlxalq Hava Limanını tərk etdiyi bildirilib. Bundan əlavə, Suriyanın “Şam FM” radiostansiyasının məlumatına görə, Dəməşqdə partlayış səsləri də eşidilib. Amma tam dəqiq şəkildə məlum olan odur ki, Əsədin həyat yoldaşı və uşaqları ötən həftə, daha dəqiq desək, 25 noyabr - 1 dekabr tarixləri arasında ölkəni tərk ediblər və Əsədin iki kürəkəni də Birləşmiş Ərəb Əmirliklərinə gediblər. Eyni zamanda Bəşər Əsədin sona qədər ölkədə qaldığı barədə xəbərlər dolaşır. Hətta mətbuatda Misir və İordaniyanın rəsmi nümayəndələrinin Əsədin özünü ölkəni tərk etməyə və sürgündə müvəqqəti hökumət qurmağa çağırması, Bəşər Əsədin isə buna razılaşmaması barədə məlumatlar da yer alır. Bununla belə ermənilər özlərinin mətbuat səhifələrində ağızlarından od püskürərək yazırlar ki, Rusiya nə Bəşər Əsədə, nə də onun ölkəsinə kömək etmədi və heç tükünü də tərpətmədi. Daha dəqiq desək, indi də haylar Suriyada baş verənlərə görə Rusiyanı saymazlıqda, kömək etməməkdə günahkar bəlləyirlər. Bununla da daxili auditoriyaya ünvanlanaraq, bildirmək istəyirlər ki, Rusiya onların ölkələrinin də arxasında dayanmayacaq və ümumiyyətlə, Suriya hadisələri haylar üçün bir dərs sayılmalıdır. Amma hansı şəkildə dərs almalarını dəqiq müəyyən edə bilmədikləri ortadadır.

Haylar müttəfiq, dost və digər bu kimi anlayışları öz xəstə təxəyyülləri prizmasında başa düşə bilirlər

İndi Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, Suriya hökuməti ona belə tez və amansızcasına xəyanət olunacağına inanmayıb. Qeyd olunur ki, hər şeydən əvvəl Rusiya bu xəyanəti edib. Ermənilər belə iddia edirlər ki, Kreml nə qədər inkar etməyə çalışsa da Suriya hakimiyyətinə xəyanətkarlığı ilə yadda qalıb. İndi haylar hətta rusların həddən artıq zəiflədiklərini də əsas gətirirlər və onlarla müttəfiqlikdən imtina etməyin doğru yol olduğunu göstərməyə çalışırlar. Qeyd olunur ki, ruslar məhz hayların gözü önündə zəifləməkdə davam edir və belə bir “zəif” ermənilərə heç lazım da deyil. İşğalçı ölkə mediası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dediklərində haqlı olduğunu yaymaqdadır. Xüsusən də, Ağ Evin yeni sahibinin məhz üsyançıların hücumu zamanı Suriyada Bəşər Əsəd hökumətinə Rusiyanın kömək edə bilməyəcək, dediyini ermənilər daxili auditoriyada yaymağa çalışırlar.

Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, ABŞ prezidenti Rusiyanın Ukrayna müharibəsində xeyli itgi verməsi ilə bağlı çox zəiflədiyini bildirib və bunu hayların da nəzərə alması sən demə onların özləri üçün də çox lazım sayılırmış. "Ukraynada bu qədər bağlı olan və orada 600 mindən çox əsgərini itirən Rusiya, illərdir müdafiə etdiyi Suriya üzərində bu hərbi yürüşü dayandıra bilməyəcək" deyərək, guya Trampın Truth sosial şəbəkəsindəki səhifəsində yazmasını haylar əllərində “bayraq” ediblər və bu mövqedən də çıxış edirlər. Əslində, belə görünür ki, həqiqətən də haylar müttəfiq, dost və digər bu kimi anlayışları öz xəstə təxəyyülləri prizmasında başa düşə bilirlər. Onlar üçün “zəif ölkə” qətiyyən müttəfiq sayıla bilməzmiş və məhz Rusiyanı da belə zəif saydıqları üçün həmin ölkədən imtina etmək niyyətindədirlər. İndi Suriyada hansısa qüvvələrə Rusiyanın müqavimət belə göstərmək iqtidarında olmamasını ermənilər arqument kimi ortaya qoyurlar və Dəməşqdə baş verənlərin onların özləri üçün bir dərs olmasını bildirirlər. Baş verənləri məhz Rusiyanın əsas geosiyasi oyunçu statusuna ciddi təsir etməsi, eləcə də Kremlin Mərkəzi Asiyada təsirinin zəifləməsi kimi qələmə verən ermənilər bu olanlardan dərs almalı olduqlarını bildirirlər.

Rusiya ilə “qopma prosesini” sürətləndirmək niyyəti göz önündədir

Bəli, ermənilər bir növ həyəcan təbili çalırlar və bu məqamda da Rusiyanın neft nəqlinə nəzarət etdiyi “nöqtənin” elə Suriya olduğunu da vurğulayırlar. Onlar belə hesab edirlər ki, indi Mərkəzi Asiya ölkələrinin özlərinin alternativ yolları olacaq. Daha dəqiq desək, haylara görə, Rusiya mühüm qərarlardan kənarda qalacaq və xüsusən də Qazaxıstanın neft ixracına da təsir edə bilməyəcək. Qazaxıstan isə, bilindiyi kimi, Rusiyadan yan keçməklə illik neft tədarükünü artırmağa da hazırlaşır. Qeyd olunur ki, bu məqsədlə rəsmi Astana konkret boru xətti də seçib. Bu barədə “Kursiv” nəşrinin yazdığı da diqqətə çatdırılır. Əlbəttə ki, söhbət Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən gedir. Bildirilir ki, Qazaxıstanın planlarına əsasən, neft ixracının həcminin 1,5 milyon tondan 20 milyon tona çatdırılması planlaşdırılır və bu o deməkdir ki, kəmərlə tədarük həcmi 13 dəfədən çox artacaq, amma Rusiya buna bir tərəfdən, kənardan baxmalı olacaq. Bir sözlə, yenə də ruslar barədə haylar ancaq neqativ fikirlər bildirirlər və onlardan uzaq olmaq, əks halda, bundan sonrakı sillənin onlara dəyəcəyi fikrini yaymaq kimi bir “həvəsə” düşüblər və olanları da, baş verənləri də hayların dərs almaları üçün guya çox vacib hesab edirlərmiş.

Haylar iddia edirlər ki, yuxarıda qeyd olunan kəmər vasitəsilə neft ixracının həcminin artırılması Rusiya vasitəsilə tədarükünü 80%-dən çox azaltmaq kimi Qazaxıstana bir imkan verəcək. Hətta bu barədə “Reuters”-in materialında qeyd olunduğunu da sitat gətirirlər. Qeyd edirlər ki, sağ olub-olmamasından asılı olmayaraq, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsi nəticəsində qalib gələn Türkiyə və Azərbaycan olub. Onların fikrinə görə bu məsələdə də Rusiya daha bir ağır sillə alıb və bu sillə də onlar üçün dərsdir. Xüsusən də Aralıq dənizindəki yeganə Rusiya hərbi dəniz bazasını, Tartusdakı bazanın itirildiyini hamıya göstərməyə, sübut etməyə çalışan haylar, bunu Kreml üçün strateji əhəmiyyətli itgi adlandırıblar. Belə bir itgidən də guya dərs almanın zamanı olduğu barədə daxili auditoriyaya car çəkirlər, hansıki məqsəd tamamilə başqadır. Hər halda Rusiya ilə “qopma prosesini” sürətləndirmək niyyəti göz önündədir.

Rusiyanın hərbi, iqtisadi, geosiyasi çöküşünü gözləyən ermənilər mövcud durumu lap münbit şərait hesab edirlər

Artıq ermənilər sanki əmindirlər ki, Rusiyanın hərbi, iqtisadi, geosiyasi çöküşü yaxın gələcəyin məsələsidir. Kremlin lap elə Bəşər Əsəddən də əvvəl Ermənistana belə xəyanət etdiyini durmadan təkrarlayan ermənilər indi elə bil ki, ağızlarını köndələn qoymaq üçün mövcud durumu lap münbit şərait hesab edirlər. Bəlkə də uzun zamandan bəri Ukraynadakı müharibəyə görə Rusiyanın daha çox zəif olduğunu düşündükləri üçün belə “qəyrəman” kimi özlərini göstərməkdədirlər. O qədər “qəhrəmanlaşıblarmış” ki, Rusiyanın Gümrüdə olan hərbi bazasının olması məsələsi, eləcə də Ermənistanın KTMT-dən qəti və rəsmi çıxması məsələsinin tezliklə həll edilməli olduğunu da açıq şəkildə bildirirlər. Məsələ burasındadır ki, bərk yanılırlar və deyəsən öz dediklərinə ancaq özləri qulaq asdıqları kimi, özləri də inanırlar deyə uçuruma doğru böyük sürətlə addımlayırlar. Özləri üçün də ən çətin durumu formalaşdırdıqlarının deyəsən fərqində də deyillər. Nəzərə almırlar ki, Rusiya nə qədər zəifləsə belə Ermənistan kimi bir cılız ölkəni yerlə yeksan etməyə hər zaman gücü çatar. “Dəvə nə qədər ölü olsa belə, dərisi beş eşşəyə yükdür”, zərb məsəlində deyildiyi kimi, Rusiyanın ən ağır durumda olan vəziyyəti belə Ermənistana bəs edəcək həddədir və bunu deyəsən haylar ya unudublar, ya da özlərini yamanca çaşdırıblar. Bir növ, Rusiyanın hərbi, iqtisadi, geosiyasi çöküşünü gözləyən ermənilər mövcud durumu deyəsən lap münbit şərait hesab edirlər. Bəlkə də Rusiyanın səbrini sonuncu dəfə sınayırlar. Çünki bu dəfəki sayıqlamalarına görə çətin ki, bağışlansınlar...

Haylar bu dəfə də dərsi yaxşı almadılar...

Bəli, ermənilər üçün, erməni cəmiyyəti üçün, Ermənistan üçün dərs almalı məqamlar həddindən artıq çoxdur. Elə Suriya məsələsindən də bir dərs almaları gərəkir, amma bu dərs heç də onların düşündükləri dərs deyil. Məhz 44 günlük müharibədəki məğlubiyyətlərinə görə rusları, Rusiyanı “günahkar çıxaran” haylar, öz şakərlərinə, ənənələrinə uyğun olaraq, yenə də Moskvanı hədəfə alıblar. Lakin bu axmaqlıqlarını bir kənara qoya bilmirlər. Başa da düşə bilmirlər ki, hansısa bir ölkədə, məsələn, Ermənistanda baş verənlərə görə digər bir ölkə günahkar ola bilməz və günahı elə həmin ölkənin öz daxilində axtarmaq gərəkir. Anlaya bilmirlər ki, məhz Ermənistan da eyni şəkildə qarışa və hadisələr elə İrəvanda da eyni şəkildə cərəyan edə bilər. Bax əsl dərs alınmalı məsələ budur. Dərs alınmalı məsələ odur ki, erməni cəmiyyəti də, hansısa cəmiyyət də nə Rusiyaya, nə də hansısa ölkəyə deyil, özünə güvənməlidir. Əks halda, nə kimi faciələrin baş verməli olduğunu hər halda dəfələrlə görmələri onlar üçün daha bir dərs olmalıdır. Suriyadan haylar üçün alınmalı olan dərs də əsasən məhz bundan ibarət olmalı idi, amma heyif ki, bu dərsi də yaxşı almadılar...

Müəllif: İnam Hacıyev
Избранный
25
sia.az

1Источники