RU

Orqan transplantasiyası Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün yeni hadisədir -Sosioloq

"2024"-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova məlumat verib.
O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.
O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:
"Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan "Donor ol" bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb".

Hadisə ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, Azərbaycanda ölümdən sonra orqanların bağışlanması cəmiyyətdə müzakirə olunan əsas məsələlərdəndir:
“Bu məsələ ilə bağlı ictimai müzakirələr fərqli-fərqli istiqamətlərdədir. Azərbaycanda insan orqanlarının transplantasiyası haqqında 2020-ci il  oktyabrın 20 də qanun qəbul olunub. Bunun tətbiqi istiqamətində addımlar da var. Ancaq qeyd etmək istəyirəm ki, orqan transplantasiya bağlı cəmiyyətdə hələlik birmənalı fikir yoxdur. Çünki həm donor, həm prespint, mənafeləri baxımından mübahisələndirilən məsələlər var. Digər tərəfdən cəmiyyətin psixoloji hazırlığının hansı səviyyədə olduğunu da bilməliyik. Əslində bu addım filantrop, humanist bir addımdır və insanların, paylaşmaq, dəstək durmaq, yardım etmək ənənəsindən qaynaqlanır. Azərbaycan cəmiyyəti üçün paylaşmaq, dəstək vermək ənənəvi bir haldır. Ancaq orqan transplantasiyası ilə bağlı məsələ Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün yeni hadisədir. Burada cəmiyyəti bir çox məsələləri düşündürür. Bu məsələlərdən biri də donorun beyin ölümü və yaxud da ki, hansısa bir bioloji ölümünü təsdiqləmək ilə bağlı qərar nə dərəcədə obyektiv qərar ola biləcəyidir. Yəni burada bürokratik və yaxud da ki, saxta yanaşma olduğunu düşünürlər. Azərbaycanda da artıq kifayət qədər resipentlər var ki, onlar öz donorlarını gözləyir. Bu təqribən iki minə yaxın bir rəqəmi əhatə edir. Ancaq donorun da hüquqları qorunmalıdır. Bu istiqamətdə insanlar inam və etibar mühiti haqqında düşünür. Yəni həkimlərin verdiyi qərara nə qədər etibar etmək olar məsələsi aydınlaşdırılmalıdır. Düzdür, bunu təftiş etmək üçün qanunvericilikdə nəzərdə tutulan məqamlar var. Ancaq qeyd etməliyəm ki, sözügedən proses ilə bağlı cəmiyyətlə hələ işləmək lazımdır. Yəni cəmiyyətdə bu istiqamətdə maarifləndirmə tədbirlərini artırılmalıdır ki, insanlarımız bunu anlaqlı şəkildə başa düşsün. Eyni zamanda donorla bağlı qərar verən komissiyanın maksimum şəffaflığına, obyektivliyinə də nail olmaq lazımdır”.
Избранный
26
sherg.az

1Источники