RU

Faşizmin qatı təbliğatçısı, yəhudi qənimi  və Hitlerin sağ əli- “Der Stürmer”in rəhbərini Fürerlə nə bağlayırdı? – Maraqlı

Julius Ştrixer Almaniyadakı nasist rejiminin ən alçaq, vəhşi və barbar təbliğatının ideya müəllifidir. Onun yeganə missiyası yəhudilərə və kommunistlərə nifrət yaratmaq idi.  Ştrixer eyni zamanda “Der Stürmer”  qəzetinə də rəhbərlik edirdi. Üçüncü Reyxin süqutundan sonra Ştrixer Nürnberqdə mühakimə olundu. O, yəhudilərin kütləvi məhv edilməsinə dair  çağırışda ittiham edildi. Bu da qətlləri törədənlərlə eyni dərəcədə məsuliyyət yaradırdı.

Julius Ştrixer 1885-ci il fevralın 12-də Bavariyanın Flaynhauzen şəhərində anadan olub. O, Nürnberqdə məktəb müəllimi işləyib. Birinci Dünya Müharibəsi illərində leytenant rütbəsinə qədər yüksəlib və müharibə başa çatdıqdan sonra sağ hərəkatın fəal iştirakçısına çevrilib. 1919-cu ildə Almaniyanın müdafiəsi üçün antisemit hərakatına qoşulub. Tezliklə Ştrixer Nürnberqdə Almaniya Sosialist Partiyasının əsas simalarından birinə çevrilib. Onun işinin  ideoloji təməlində yəhudilərə və kommunistlərə nifrət dayanırdı. Nasistlərin fikrincə, onlar  Almaniyanın məğlubiyyətində əsas günahkar idilər.

1921-ci ildə Ştrixer yəhudilərə özü kimi dəlicəsinə nifrət edən bir adamla – Adolf Hitlerlə tanış oldu. O, Münhenə gəldi və Milli Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) liderinin çıxışından əməlli başlı zövq aldı: “Bu adam cənnətdən gələn  elçi kimi danışırdı…”, – deyə Strixer öz xatirələrində yazırdı. 1922-ci ilin oktyabrında o, NSDAP-a qoşuldu. Bir çox yoldaşlarını da buna inandırmaqla Hitler partiyasının üzvlərinin sayını demək olar ki, iki dəfə çoxaltdı.

1923-cü ildə Ştrixer antisemit məqalələr, yəhudilərə qarşı ritual qətl ittihamları, irqçi cizgi filmləri və yəhudilərdən şikayət edən oxucu məktublarından ibarət həftəlik “Der Stürmer”  qəzetini nəşr etməyə başladı. Qəzet heç vaxt nasist partiyasının rəsmi ruporu olmadı. Lakin Hitlerin hakimiyyətə gəlməsi ilə qəzet  yarım milyon nüsxə tirajla çıxıb və bütün Almaniyada xüsusi stendlərdə yerləşdirilib. 1923-cü ilin noyabrında Beer Hall Putsch zamanı Ştrixer Hitlerlə birlikdə ön sırada getdi. Polis dəstələri Odeonsplatzda nasistlərin yolunu kəsəndə atəş səsləri eşidildi. Belə bir fikir var ki, ilk vuran Ştrixer olub. Cavab özünü çox gözlətmədi. 16 nümayişçi öldürüldü. Hitler ilk zərbədə üz üstü yerə yıxıldı. Sonralar Fürer həmin hadisəni belə xatırlayırdı: “O gün Ştrixer səkidə yanımda uzananda mən and içdim ki, o, məni tərk edənə qədər onu tərk etməyəcəm”.

Hitler əslində vədinə əməl etdi. O, 1929-cu ildə birləşmiş Frankoniyanın Gauleiteri oldu və Nasist partiyasından Bavariya parlamentinə seçildi. 1933-cü ildə Reyxstaqda deputat yeri aldı.  Ştrixer nə qədər çox güc qazansa, davranışı bir o qədər qalmaqallı olurdu. Nürnberq ətrafında gəzərkən özü ilə ağır bir qamçı götürə və bəyənmədiyi hər kəsi döyə bilərdi. Yaxud qəfil Nürnberq həbsxanasına gəlib məhbuslara işgəncə verməyə başlayırdı. O, zorakılıqdan  həzz alırdı, xüsusən də qurban müdafiəsiz olanda. Gauleiterin vəhşiliklərinin şöhrəti bütün Frankoniyada əks-səda yaratdı.  Ştrixer pornoqrafiyanı sevirdi, daim məşuqələri dəyişdirir və ərlərindən pul qoparırdı. O, yəhudilərdən alınan mülklər üzərində spekulyasiya edərək böyük sərvət qazandı. Və 1938-ci ildə  nifrətdən pul qazanmağın yeni yolunu tapdı. “Toadstools” adlı rəngli şəkillərlə kitab nəşr etməyə başladı. Yəhudilər zəhərli göbələklərə bənzədildi.  O, “ari” oğlan və qızları onlardan uzaq durmağa çağırırdı.

Ən yüksək nasist məmurlarının bir çox nümayəndələri hesab edirdilər ki, Ştrixer fiquru partiyanın siyasətinə kölgə salır. Onun azğınlığı hətta  vəhşiliyi təbliğ edənləri də qorxudurdu. Beləliklə, Hermann Goering öz işçilərinə “Der Stürmer”i oxumağı qadağan etdi və Cozef Gebbels 1938-ci ildə qəzetin nəşrini tamamilə dayandırmağa çalışdı.

Bununla belə, Hitler Ştrixerin tərəfini tutmağa davam edirdi. Onun əxlaqi keyfiyyətləri Hitleri maraqlandırmırdı. Nasist ideologiyasını kütləyə çatdırılması Füreri tam qqane edirdi. Hitlerin fikirincə  aşağıdan gələn adam “yəhudi təhlükəsi” haqqında sadə və başa düşülən formada məlumat almalı idi. Və “Der Stürmer”  bu vəzifənin öhdəsindən səmərəli şəkildə gəlirdi. Bundan əlavə, qəzet Hitlerin bəzən siyasi oyunlar ucbatından gizlətmək məcburiyyətində qaldığı həqiqi fikirlərini dilə gətirib. Məsələn, 1939-cu ilin mayında, yəni Molotov-Ribbentrop paktının imzalanmasından cəmi bir neçə ay əvvəl “Der Stürmer”  dərc etdiyi  məqalədə yazırdı: “Bolşevik Rusiyasında yəhudilərə qarşı cəza ekspedisiyası həyata keçirilməlidir. Sovet yəhudiləri bütün cinayətkarların və qatillərin taleyini yaşayacaqlar. Onlar dərhal repressiya olunmalı və öldürülməlidir. Onda bütün dünya görəcək ki, yəhudilərin sonu bolşevizmin sonudur”.

Hermann Goering ilə mübahisə etdikdən sonra Ştrixerin siyasi karyerasına son qoyuldu. Qəzetində o, Almaniya Reyxinin Aviasiya Nazirinin qızını “süni mayalanmanın bəhrəsi” adlandırıb. Goering uzun müddət Ştrixerə qarşı kin bəsləmişdi. 1940-cı ilə qədər o, Füreri “Der Ştürmer”in redaktorunun fəaliyyətinin auditini aparmağa inandırdı. Ştrixer bütün vəzifələrdən uzaqlaşdırıldı və Nürnberqdə yaşamaq hüququndan məhrum edildi. Ondan geridə qalan yalnız qəzeti idi. 1945-ci ilə qədər o, Adolf Hitlerin heç bir buraxılışını qaçırmadığı “Der Stürmer”in redaktoru və naşiri kimi fəaliyyət göstərməyə davam etdi.

İkinci Dünya Müharibəsinin bitməsindən bir neçə həftə sonra Ştrixerin yeri Avstriyanın Vaidrinq şəhərində Amerika hərbçiləri tərəfindən müəyyən edildi və dərhal həbs olundu. Nürnberq məhkəmələrində o, “yəhudilərin qətlinə və məhvinə açıq təhrik”də ittiham edilib.  İttihamnamədə deyilirdi ki, təbliğat nasistlər tərəfindən “siyasi aksiyalara və hərbi təcavüzə psixoloji hazırlıq” vasitəsidir. Nürnberq məhkəməsində SSRİ-dən olan baş prokuror Roman Rudenkonun çıxışından: “Ştrixer Treblinkada uşaqları ikiyə bölənlərin əsl “mənəvi atası” sayıla bilər. Ştrixer və onun ağası olmasaydı, alman faşizmi Hitlerin və onun qruplaşmasının cinayətkar planlarını birbaşa həyata keçirən qatillərdən ibarət kütləvi kadrları bu qədər tez yetişdirə bilməzdi. Ştrixer ona qarşı bütün ittihamları rədd edib. “Yazdığım çıxışlar və məqalələrlə mən yalnız  ictimaiyyəti məlumatlandırmışan. Mən təşviqat və ya qızışdırmaq yox, maarifləndirmək missiyası ilə məşğul idim”.

 

 Nürnberq məhkəməsini “dünya yəhudiliyinin zəfəri” adlandıran Ştrixer psixiatrik müayinədən keçib. Onda patoloji antisemitizmdən başqa heç nə aşkar edilməyib. Məhkəmənin hökmü ilə  Ştrixer 16 oktyabr 1946-cı ildə edam olunub.  Nasist cinayətkarlarının məhkəmələri ən alçaq insan instinktlərinə müraciət edən təbliğatın, “ari irqinin düşmənlərinə” nifrətin qızışdırılmasında və onların tamamilə məhv edilməsində oynadığı xüsusi rolu təsdiqləyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
21
konkret.az

1Источники