RU

General: Ermənistanın yenidən silahlandırılması...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 15 ildir ki, davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb.

Sonra Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib.

Səfər çərçivəsində türkiyəli nümayəndələr Hərbi Hava Qüvvələrində olub. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla görüşüb.

Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.

Türkiyəli nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb.

Избранный
45
2
hurriyyet.az

10Источники