RU

Fransa kolonializminin OYANIŞI – Makron hakimiyyətinin kanak xalqına qarşı ZÜLMLƏRİ – ARAŞDIRMA

Təəssüflər olsun ki, Fransa müstəmləkəçiliyi hələ də davam edir. Parisin kolonializm siyasətinin əsas qurbanlarından biri isə Yeni Kaledoniyadır. Fransa bütün çağırışlara rəğmən, beynəlxalq hüququ ayaq altına ataraq, öz imperialist xislətindən əl çəkmir.

Yeni Kaledoniyanın müstəmləkə tarixi

Fransızlar Yeni Kaledoniyanı 1853-cü ildə işğal ediblər. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra adanı cəzaçəkmə koloniyasına çevirib. Artıq 170 ildir ki, Fransa bu ada dövlətinin maddi-mənəvi sərvətlərini vəhşicəsinə talan edir.

Lakin kanak xalqı bütün zülmlərə baxmayaraq hər zaman öz azadlıqları uğrunda mübarizə aparıb. Xüsusilə də, kolonialistlərin yerli əhalini sıxışdırması ötən əsrin 80-ci illərində adada vətəndaş müharibəsinin baş verməsinə səbəb olub

Uzun müddət davam edən toqquşmalarda 90-a yaxın şəxs həyatını itirib. Nəhayət 1988-ci ildə əldə olunan Matinyon Udino və 1998-ci ildəki Numea razılaşmaları ilə gərginliyə son qoyulub. 20 ilə yaxın müddətdə adada sakitlik hökm sürüb.

Kolonializmin oyanışı

Emmanuel Makronun hakimiyyəti dövründə adada yenidən gərginlik artıb. Belə ki, Makron əvvəlki razılaşmaları heçə sayaraq Fransa müstəmləkəçiliyini ən sərt formada tətbiq etmək taktikasına əl atıb. Makron hakimiyyəti ilk növbədə Numea razılaşmasını pozmaqla kanakların hüquqlarını kobud şəkildə tapdayıb.

Həmin razılaşmanın 5-ci bəndində “Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı mümkün olan üç məsləhətləşmənin nəticəsi mənfi olarsa, siyasi tərəfdaşlar bu yeni vəziyyəti araşdırmaq üçün bir araya gələcəklər” və "məsləhətləşmələr yeni təklif edilən siyasi təşkilatlanma ilə nəticələnmədiyi təqdirdə, 1998-ci il razılaşması ilə qurulan siyasi təşkilat qüvvədə qalacaq və geri dönüş mümkün olmayacaq və bu “geri dönməmə” konstitusiya ilə təmin ediləcək” deyə qeyd olunub.

Lakin Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verən qanun layihəsini qəbul etdi. Bu isə Numea müqaviləsinin açıq şəkildə pozulması deməkdir. Üstəlik, bu addım Fransanın adaya köçürdüyü kolonialistlərə səs vermək imkanı yaratmaqla, kanak xalqının hüquqlarına mane olmaq cəhdi idi.

Kanaklar Makronun kolonializmi gücləndirmək planı ilə razılaşmadı...

Fransanın müstəmləkəçilik siyasətini davam etdirmək cəhdinə etiraz olaraq, kanak xalqı bu ilin may ayında etiraz aksiyalarına başladı. Lakin Makron rejimi haqsız qərarından geri addım atmaq yerinə, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etmək variantını seçdi.

Fransa Prezidentinin 15 mayda imzaladığı fərmanlarla Yeni Kaledoniyada hərbi vəziyyət elan olundu. Üstəlik adaya qoşun yeridildi. Nəticədə hüquq-mühafizə orqanlarının zorakı davranışları nəticəsində 13 nəfər həyatını itirdi, 100-lərlə insan yaralandı, çox sayda infrastruktur obyektləri dağıdıldı.

Digər tərəfdən, Fransanın hərbi vəziyyət rejimi nədənsə adadakı Avropa mənşəli şəxslərə aid edilmədi. Ona görə də, silahlı milislər də hüquq-mühafizə orqanları ilə birlikdə kanaklara qarşı hücuma keçdilər.

Kütləvi həbslər

Bununla da kifayətlənməyən Fransa kanak xalqının siyasi mübarizəsinə liderlik edən fəallara qarşı repressiyaya baş vurdu. Kanak fəallardan 13 nəfər cinayət işinə hazırlığa və öldürmək cəhdinə görə cinayətkar qruplaşmanın təşkilində ittiham edilərək mühakimə olundu. Lakin həbsin əsas səbəbi onların Fransa müstəmləkəsinə qarşı hüquqlarını tələb etməsi idi.

Ərazilərin Koordinasiyası Şəbəkəsinin lideri Kristian Tein başda olmaqla, təşkilatın 7 fəalı iyunda həbs olunaraq Fransaya aparılıb. Həbs olunanlar sırasında Roç Vamytan, Brenda Hanthipe Vanabo, Joël Tjibaou kimi kanak fəallar da var.

Eyni amanda Fransa kanakların söz azadlığı hüququnu kobud şəkildə pozaraq, heç bir əsas olmadan “TikTok” sosial şəbəkəsini blokladı. İnsan Haqları Liqası və Quadrature du Net kimi birliklər söz və fikir azadlığına zidd olan bu qərardan dərhal apelasiya məhkəməsinə şikayət etdilər. Ancaq bu şikayətləri Dövlət Şurası əsaslı hesab etmədi.

Fransa BMT-nin çağırışlarını da qulaqardına vurur

Yeni Kaledoniyada Fransanın insan hüquqlarına zidd addımları BMT tərəfindən də narahatlıqla qarşılanıb. Belə ki, BMT ekspertlərinin 19 avqust tarixli bəyanatında Parisin kanaklara qarşı zorakı addımları açıq şəkildə tənqid edilib.

Mütəxəssislər Numea Sazişini ləğv etmək cəhdinin kanak xalqının hüquqlarını kobud şəkildə pozduğunu bildiriblər:

“On minlərlə kanak nümayişçisi fevral ayından bəri bu islahatları pisləmək üçün dinc şəkildə səfərbər olur. 2024-cü ilin may ayından şiddətli qarşıdurma davam edir. Fransa hökuməti etirazçılara qarşı hərbi vasitələr və həddindən artıq güc tətbiqi tətbiq edib. Bu kanaklar arasında bir neçə nəfərin ölümünə, 169 nəfərin yaralanmasına, 2235 nəfərin həbsi ilə nəticələnib.


Müstəqilliyə qarşı olan şəxslərin ağır silahlı silahlı birləşmələrinin mövcudluğu ilə bağlı iddialar bizi xüsusilə narahat edir. Hökumət orqanları tərəfindən bu milis qruplarının ləğvi və mühakimə olunması üçün heç bir tədbir görülməməsi qanunun aliliyi ilə bağlı ciddi narahatlıq doğurur”.

Ekspertlər Fransa hökumətini kanakların ölümünə səbəb olan silahlı milisləri dərhal işdən azad etməyə, Numea sazişinə hörmət etməyə çağırıblar.

Noyabrın 7-də isə BMT-nin İnsan Hüquqları Komitəsi dünən Fransada insan hüquqlarının vəziyyətinə dair nəticələri dərc edib. Sözügedən hesabatda Fransanın Yeni Kaledoniyada törətdiyi hüquq pozuntuları da ifşa olunub:

“2024-cü ilin may ayından etibarən Yeni Kaledoniyada konstitusiya qanununa təklif edilən dəyişikliyə qarşı etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıq tətbiq edib. Nəticədə kanak xalqının 10 nümayişçisi və iki jandarm həlak olub, yüzlərlə insan xəsarət alıb. Bu səbəbdən BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı nümayişlər zamanı zərurilik və mütənasiblik prinsiplərinə hörmət etməyə, qanuni özünümüdafiə halları istisna olmaqla, silahdan istifadəni məhdudlaşdırmağı təmin etməyə çağırır”.

Ancaq Fransa hakimiyyəti BMT çağırışlarına belə məhəl qoymayıb. Belə ki, Makronun 15 may tarixində elan etdiyi fövqəladə vəziyyət rejiminin başa çatmasından 12 gün sonra Milli Jandarma Müdaxilə Qrupu tərəfindən həyata keçirilən əməliyyat zamanı daha iki nəfər həyatını itirib.

Zorakılıq davam edir

Üstəlik Fransa hakimiyyəti Yeni Kaledoniyada etiraz aksiyalarına səbəb olunan qanun layihəsini də ləğv etməyib. Sadəcə olaraq, həmin layihənin reallaşdırılması ertələnib. Bu isə Makron hakimiyyətinin istənilən zaman məsələni yenidən gündəmə gətirmək ehtimalının yüksək olduğunu göstərir.

Göründüyü kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinin yenidən sərtləşdirilməsinin ən böyük günahkarı Emmaunel Makrondur. Məhz onun kolonialist siyasəti nəticəsində Yeni Kaledoniyada 20 ildən çox davam edən sabitlik dönəmi başa çatdı. Üstəlik onlarla insan həyatını, yüzlərlə fəal isə azadlığını itirdi.

Kanak xalqının başına gətirilən müsibətlərin sona çatmasının açarı da böhranın müəllifi olan Makronun əlindədir. Nə qədər ki, Fransa Prezidenti kanakların hüquq və azadlıqlarını heçə saymağa davam edəcək, o zaman qədər Yeni Kaledoniyada fransız kolonializmi, zülmü davam edəcək./ Bizimmedia

Избранный
11
5
musavat.com

6Источники