RU

Ənənələrin unudulduğu məclislər

Zeynəb Rzayeva

Keçmişdən bu günə toy adətlərimiz böyük dəyişikliyə uğrayıb. Əvvəllər toylar sadəliyi, mehribanlığı və səmimiyyəti ilə seçilirdi, amma indi dəbdəbə, rəqabət və sanki bir şou atmosferi ilə doludur. Gəlin, keçmiş və indiki toyları müqayisə edək.

Keçmişdə toylar bir kəndin, bir elin sevincinə çevrilirdi. Toy məclisi açıq havada, geniş həyətlərdə, kölgəliklərdə qurulardı. Hamı bir-birinə kömək edərdi. Birinin qabı-qacağı yoxdursa, qonşular gətirərdi. "Oğul evləndiririk!" deyib bütün məhəlləni səfərbər edərdilər. Hətta toya çağırmağa dəvətnamə-filan da lazım deyildi. Kimin evinin bacasında tüstü görsənirdi, bilirdin ki, orada toy var. Toya gəlib iştirak etmək özü də bir adət idi - kimin ürəyindən nə keçirsə, bir hədiyyə gətirirdi, hədiyyənin qiyməti yox, niyyəti vacib idi.

İndiki toylar isə... Gəlin də, bəy də günlərlə bir fotoqrafın qabağında pozalar verir ki, "instagram üçün yaxşı şəkillər çıxsın." Kim daha gözəl məkan seçdi, kim daha bahalı qızıl aldı, kim daha məşhur müğənni gətirdi? İnsanlar toy etməyə yox, göstəriş etməyə çalışır.

Eşitdiyimə görə o zamanın toy mahnıları bir başqa idi. Xanəndələr gəlirdi, elə oxuyurmuşlar ki... İndi isə hansı məşhur müğənnini gətirsən də, fərqi yoxdur, hamı toyun ortasında telefona baxır, sosial şəbəkədə paylaşım edir. Toy mahnıları da bir başqa qəribə olub. İndi isə toy məclisində kimsə DJ-nin pultunda "remix" basır. 

Hədiyyə məsələsinə baxaq. Əvvəlcə kimin nə gətirdiyi ilə heç kim maraqlanmazdı, əsas niyyət və əlaqə vacib idi. İndi isə toy hədiyyələri "kim nə qədər verəcək" mübahisələrinə çevrilir. Əvvəllər qızılın dəyəri yox, onun niyyəti önəmli idi. Amma indi toyda ən vacib şey artıq bir neçə bahalı hədiyyə və ya restoranın qiyməti olmağa başlayıb. Hətta bəzən insanlar bir-birinə "bu qədər pul qoydum, bəs sən nə qədər verdin?" deyə soruşurlar. Keçmişdə gəlinə bəzək üçün qızıl bilərzik, üzük verərdilər. Çox deyildi, amma bərəkətli idi. İndi isə qızılın çəkisi "WhatsApp" qruplarında müzakirə olunur. Əgər toyda verdiyin pulun məbləği az olsa, arxadan müzakirə açılır ki, "filankəs bu qədər gətirdi?" Axı toy bu deyil! Toy sevincdir, ailənin təməlini atmaqdır, cəmiyyətin birgəliyidir, sadəcə bir bank əməliyyatı deyil.

Daha qəribəsi, toy xərcləri ilə bağlıdır. Əvvəllər toy üçün əsas məsrəflər yemək və musiqi olardı. Yemək məsələsi də çox sadə, amma dadlı və bərəkətli olurmuş. Plov, qatıq, ət - bu qədər. Bugünkü kimi restoranlarda bir-birinin ardınca gələn bahalı yeməklər yox, sadə və bol təamlar yeyilirdi. İndi isə çox zaman yeməklər qalıb zibilə gedir, amma əvvəlki sadəlik və bərəkət yoxdur. Hamı şəkil çəkir, yeməyi isə qaldırıb aparırlar. Bu qədər israf nəyə lazımdır?

Keçmişin toyları ilə indiki toylar arasında fərq təkcə adət-ənənələrdə deyil, həm də insanların yanaşmasındadır. Əvvəllər toylar birgəlik və sevgi üzərində qurulurdu, indi isə sanki tamaşadır. Bəzən bu tamaşanın baş qəhrəmanları olan gəlinlə bəy belə öz rollarını tam anlamırlar.

Toylar yenə də xoşbəxtlik və sevinc mənbəyi olmalıdır. Bəlkə də keçmişin sadəliyindən dərs alıb, gələcək toylarımızı daha səmimi, daha mənalı edə bilərik. Çünki toy nə qədər dəbdəbəli olsa da, əgər sevgi və səmimiyyət yoxdursa, o, sadəcə vaxt itkisinə çevrilir. Toyu adi bir məclisdən deyil, gələcəyin təməlindən başlamaq lazımdır. Belə olsa, həm özümüz qazanarıq, həm də ənənələrimiz yaşayar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники