RU

Bu il dövlət qeydiyyatından keçən kommersiya qurumlarının 11 faizə qədəri xarici investisiyalı olub

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 590 min 659 vergiödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. Vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artıb.

Bu ilin yanvar-noyabr aylarında 12 min 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faizi yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 min 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 min 677-si “ASAN İmza” ilə, 1995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə SİMA rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 min 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.

Избранный
44
15
azertag.az

10Источники