RU

Azərbaycanda 4300 manata otel, günü 600 manata kirayə evlər - Qış tətilinə hazırsınız?

Qarşıdan Yeni il tətili gəlir. İstirahəti mənalı keçirmək üçün tətil günlərində nə ediləcəyini və ya haraya gediləcəyini əvvəlcədən planlamaq lazımdır. Vaxtilə bizim vətəndaşlar qış fəslində daha çox xarici ölkələrə üz tuturdular. İndi ölkəmizdə qış turizmi üçün əlverişli şərait yaradılıb. Bəs tətili dəyərləndirmək istəyənlər hansı bölgələrdə istirahət edə bilərlər? Qiymətlər yerli turistlərin cibinə uyğundurmu?

Lent.az qış turizmi ilə bağlı ətraflı məlumat almaq üçün Dövlət Turizm Agentliyinə (DTA) müraciət edib.

Agentliyin mətbuat katibi Gülnar Mustafayeva bildirib ki, Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir:
“Bunlar Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır”.

Onun sözlərinə görə, ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir:

“Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır”.

“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır”, - deyə o əlavə edib.

Qış turizmi soyuq mövsümün təbiətini və idman fəaliyyətlərini sevənlər üçün unikal imkanlar təqdim edir. Xizək sürmə, qartopu döyüşləri və isti dağ kurortlarında istirahət kimi fəaliyyətlər qış turizminin əsas cazibələridir. Şərait olsa da, qiymətlər hər kəs üçün əlçatan səviyyədə deyil.

5 ulduzlu otellər sizə Yeni il tətilində 2 və ya 3 gecəlik istirahət təklif edir. Bəziləri sizi gündə 3 dəfə qidalanma ilə təmin etdiyi halda, digərləri sadəcə səhər yeməyi verir.

Lakin qidalanma sayı sizi yanıltmasın. Çünki ən bahalı qiymət təklif edən otelimiz sizə sadəcə səhər yeməyində xidmət göstərəcək.

Şimal zonasında yerləşən bu otel 3 gecə 4 günlük istirahət üçün 4300 AZN ödəniş (iki nəfərlik otaq) tələb edir.
Təbii ki, bu rəqəmin nisbətən az olanı ilə də qarşılaşa bilərsiniz. 2 gecə 3 günlük ən münasib qiymət 1240 AZN-dir.
Qeyd edək ki, bu qiymətlərə Qala gecəsi və spa xidmətləri daxildir.

Otellər qalsın bir tərəfə, sizə bölgələrdə günlük kirayə verilən evlərin qiymətindən danışım.
Təbii ki, otelə minliklər ödəyib sadəcə səhər yeməyi yemək istəmirsinizsə, könlünüzcə kababınızı bişirib, samovarınızı odlaya biləcəyiniz kirayə ev də tutmağınız mümkündür. Qiymətləri çox ucuzdur, deməzdim.

Qəbələ, Quba kimi rayonlarımızda günü 250-600 AZN dəyərində olan evlər var, hansı ki geniş və lazım olan avadanlıqlarla tam təmin olunublar.

Yox, əgər evin özü maraqlı deyil, sadəcə havanızı dəyişmək üçün rayona getmisinizsə, bir günlük 50-70 AZN ödənişi olan yerlər də tapa bilərsiniz.

Doğrudur, qiymətlər xarici ölkələrdən geri qalmasa da, gəzməyə də, ölməyə də elə vətən yaxşıdır.

Hər kəsə bol qazanc və xoş istirahət arzu edirik.

Избранный
45
1
turkustan.az

2Источники