ABŞ və Türkiyə Suriyadakı böhranın həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəlib. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında Ankarada keçirilən görüşdən sonra məlumat verilib. Türkiyə xarici işlər naziri Hakan Fidan görüş zamanı Suriyanın birliyi, bütövlüyü və suverenliyi kimi mövzularda Türkiyə, ABŞ və regional aktyorların nə edə biləcəklərini müzakirə etdiklərini bildirib. Fidan Blinkenlə görüşdə Suriyada sabitliyin və terrorla mübarizənin əsas prioritetlər arasında olduğunu qeyd edib. Amerikalı həmkarı ilə Qəzza məsələsini də müzakirə etdiklərini bildirən Fidan, “Onunla (Blinkenlə) Qəzza ilə bağlı ən qısa zamanda atəşkəs əldə etmək üçün razılaşdıq”, - deyib. ABŞ Dövlət katibi Antoni Blinkem isə ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları hər hansı ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşuları üçün təhlükə yaratmayacaq. Dövlət katibinin sözlərinə görə, Suriyanın gələcək hökumətinin işi xüsusilə qadınların, eləcə də etnik və dini azlıqların hüquqlarının qorunmasına yönəlməlidir. Blinken həmçinin ümid etdiyini bildirib ki, Suriya kimyəvi silahlar öz ərazisində tapılarsa, onların axtarışına və məhv edilməsinə icazə verəcək. Fidanla Qəzza məsələsini, girovların evlərinə qaytarılmasını və atəşkəsin əldə edilməsini müzakirə etdiklərini ifadə edən Blinken, “Son bir neçə həftədə gördüklərimiz bunun mümkün olduğuna dair daha ümidverici işarələrdir”, - deyib.