Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanda hərbi xidmətə çağırışçılarla bağlı məlumatların təqdim edilməməsi ilə bağlı yeni cərimələr müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.
Təklifə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin müəyyən edilmiş qanuni müddətlərdə yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların şəxsi məlumatlarında, o cümlədən soyadı, adı, atasının adı, doğum tarixi və yeri kimi dəyişikliklərə dair məlumatların təqdim edilməsi, habelə ölüm və digər müvafiq hüquqi hadisələrin qeydiyyatı, cinayət işi başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üzrə öhdəliklərində dəyişikliklər nəzərdə tutulur.
Bu məlumatları müəyyən olunmuş vaxtlarda təqdim etməyən aidiyyəti orqanların vəzifəli şəxsləri üçün üç yüz manatdan beş yüz manatadək cərimə tətbiq ediləcək. Hüquqi şəxslər isə bu halda doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimələnəcəklər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə bu əmələ görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək, hüquqi şəxslər isə üç yüz əlli manatdan beş yüz əlli manatadək cərimə olunur.
Dəyişikliklərin məqsədi hərbi xidmətə çağırışçılarla bağlı məlumatların daha operativ şəkildə müvafiq orqanlara təqdim olunmasını təmin etməkdir.